admin

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Allahın adı ilə!

Ali məqamlı mərəcəyi təqlid müctəhid Seyid Əli Hüseyni Sistani cənablarının Nəcəf Əşrəf şəhərindəki dəftərxanası, 15 Yanvar 2021 ci il Cümə gününün,1 Cəmadiul-axirə 1442 ci il Hicri-Qəməri tarixinə təsadüf edəcəyini bəyan etmişdir.

Allah gələn günlərinizi xeyir üzərində qərar versin!

Allahın adı ilə!

Ali məqamlı mərcəyi təqlid müctəhid Seyid Əli Hüseyni Sistani cənablarının Nəcəf Əşrəf şəhərindəki dəftərxanası 17.11.2020 ci il tarixinin (Çərşənbə axşamı günü) Rəbiul-axir ayının birinci gününə təsadüf edəcəyini bəyan etmişdir.

Allah gələn günlərinizi xeyir üzərində qərar versin!

Allahın adı ilə!

Ali məqamlı mərcəyi təqlid müctəhid Seyid Əli Hüseyni Sistani cənablarının Nəcəf Əşrəf şəhərindəki dəftərxanası bəyan edib ki, Şənbə günü (17.10.2020) Günəş batdıqdan sonra İraq və ətraf məntəqələrdə ay adi gözlə görünməyib. Beləliklə də Bazar günü (18.10.2020) Səfər ayınçn sonuncü günü və Bazar Ertəsi günü (19.10.2020) isə Rəbiul-Əvvəl ayının birinci gününə təsadüf edəcəkdir, inşallah.

Allah bu ayı bütün müsəlmanlar üçün xeyirli və bərəkətli qərar versin!

Sual: İmam Hüseyn (ə) qiyamının səbəbləri nə idi?


Xanım Zeynəbin (ə) Yezidə xitabən söylədiyi- “(Kərbəlada) Gözəllikdən başqa bir şey görmədim.” ifadəsinin mənası nədir?
“İmam Hüseyn (ə) qəhrəmanlığı” kitabında deyilir: “İmam Hüseyn (ə) və səhabələri (Məhərrəm ayının) doqquzuncu, yaxud onuncu gününədək su içiblər?” Qeyd olunan məlumat doğrudurmu?

Cavab: İmam Hüseyn (ə) qarşısında bir çox dini öhdəlik və ictimai vəzifələrin durduğunu görürdü. Məhz həmin öhdəlik və vəzifələrin icrası, onu qiyam edib hər şeyini qurban verməyə təşviq edirdi. Bunlar aşağıdakılardır:

1. Dini öhdəlik: Əməvilər hakimiyyətinə qarşı qiyam etmək dini baxımdan artıq ona vacib olmuşdu. Çünki həmin hakimiyyət Allahın haram etdiklərini halal etmiş, əhdlərini pozmuş və peyğəmbərinin (s) sünnəsinə müxalif olmuşdu.

2. Sosial məsuliyyət: İmam (ə) sosial vəziyyətinə görə, əməvilər tərəfindən edilən haqsızlıq və zülmə qarşı məsuliyyət daşıyırdı. Belə ki, İmam (ə) ümmətə qarşı edilən zülm və haqsızlığın qarşısını almaqda digərlərindən daha öndə idi. Beləliklə o, həmin böyük məsuliyyətin yükünü öz üzərinə götürərək sədaqət və səmimiyyətlə missiyasını yerinə yetirdi. İmam (ə) İslamın ədalət prinsipini və Qurani-kərimin hökmlərini yenidən bərpa etmək üçün özünü, ailəsini və səhabələrini qurdan verdi.

3. Artıq onun üçün hüccət tamamlanmışdı: İmamın (ə) cihad edib günahkar və təcavüzkar güclərlə müharibə etməsi üçün əlində yetərincə əsası var idi. Kufədən çoxsaylı məktublar və nümayəndə heyətləri gəlməkdə davam edirdi. İmam (ə) Əməvilərin etdiyi zülm və haqsızlığın qarşısını almaq üçün onların çağırışlarına cavab verməsəydi, Allah qarşısında məsuliyyət daşımış olardı.

4. İslamı qorumaq: İmamın (ə) qiyamının səbəblərindən biri də, İslamı Əməvilər hakimiyyətinin təhlükəsindən qorumaq idi. Belə ki, Əməvilər hakimiyyəti İslamı kökündən qoparıb məhv etməyə çalışırdı. Hətta, Yezid İslam xilafəti kürsüsündə oturduğu zamanlarda öz küfr və dinsizliyini ona mənsub olan aşağıdakı bu şeir parçası ilə bəyan etmişdi:

“Haşim övladları hakimiyyətlə oynadı,
Amma nə (qeybdən) xəbər gəlmişdi,
Nə də ki, vəhy nazil olmuşdu.”

Qeyd olunan beyt Yezidin tapındığı cahiliyyət əqidəsini üzə çıxarır. Həqiqətən də, o, nə vəhyə, nə səmavi kitaba, nə də ki, Cənnət və Cəhənnəmə iman gətirmişdi. Onun (dinə qarşı olan) etinasızlığı elə bir həddə çatmışdı ki, artıq açıq-aşkar küfr edib İslamı məsxərəyə qoyurdu.

5. Xilafətin qorunması: İmam Hüseynin (ə) qiyamının səbəblərindən biri də İslam xialfətini Əməvilərin iyrəncliklərindən qorumaq idi. Allah təala İslam xilafətini Əhli-beytə (ə) əta etmişdi, lakin Əməvilər onu haqsız yerə mənimsəmişdilər. İmam (ə) babası Peyğəmbərin (s) məqamını ehtiras və şəxsi istəklərindən başqa şey düşünməyən, içki düşgünü olan birinin mənimsədiyini gördü. O, İslam xilafətinin parlaq varlığını və əzəmətli keçmişini özünə qaytarmaq üçün qiyam etdi.

6. Ümmətin iradəsini azad etmək: Yezidin zamanında ümmət öz ixtiyar və iradəsinə sahib deyildi. O, ziya və düşüncə qapılarını zəncirləyərək ümmətin üzünə qapatmışdı. Bununla da, ümmətin iradəsinə ciddi məhdudiyyət qoyulmuşdu. İmam (ə) müsəlmanların ləyaqət və yenilməzlik ruhunu özünə qaytarmaq üçün fədakarlıqla cihad meydanına daxil oldu. Onun qətlə yetirilməsi müsəlmanların tarixində qara ləkəyə çevrildi.

7. Ümməti, üzləşdiyi iqtisadi böhrandan çıxarmaq: Ümmətin ictimai və fərdi həyatının şah damarı sayılan iqtisadiyyat artıq, çökmüşdü. Əməvilər aşkar şəkildə mərkəzi xəzinəni talayıb qarət etmişdilər. Hətta, Müaviyyə müsəlmanların qarşısında çıxış edərkən malın (xəzinənin) müsəlmanlara deyil, Allaha məxsus olduğunu bildirmişdi. O, həmin maldan istifadə etməyə ən laqyiq şəxsin isə, elə onun özünün olduğunu açıq-aşkar elan etmişdi.
İmam (ə) ümmətin iqtisadiyyatını qorumaq və onun yaşayış səviyyəsindəki tarazlığı bərpa etmək üçün qiyam etmişdi.

8. Sosial etirazlar: Sosial etirazlar bütün İslam məmləkətlərini bürümüşdü. Əməvələrin zülm və haqsızlığından əziyyət çəkməyən bir İslam ölkəsi qalmamışdı. İmam (ə) izzət və şərəf qapılarını müsəlmanların üzünə açıb başlarının üzərindən qaranlıq kabusu dağıtmaq üçün cihad meydanına girdi.

9. Şiələrə qarşı edilən hədsiz haqsızlıqlar: İmamın (ə) qiyam etməsinin səbəblərindən biri də Əməvilər hakimiyyətinin şiələrə qarşı aldıqları sərt cəza tədbirləri idi. İmam (ə) onarı dözülməz vəziyyətdən çıxarıb zülm və haqsızlıqdan qorumaq üçün yola çıxdı.

10. Əhli-beytin (ə) xatirəsini silmək: İmamın (ə) qiyamının başlıca səbəblərindən biri də, Əməvilər hakimiyyətinin Əhli-beytin (ə) xatirə və izlərini silib fəzilətlərini ört-basdır etməyə ciddi cəhd etmələri idi. İmam (ə) minbər və minarələrdə atasının söyülməsini eşitməkdənsə, ölməyi arzu edirdi.

11. İslami dəyərlərin məhv edilməsi: Əməvilər İslam dəyərlərini bilərəkdən məhv etmişdilər. Belə ki, artıq müsəlmanların həyat tərzində həmin dəyərlərdən heç bir əsər qalmamışdı.

12. Cəmiyyətin süqutu: Əməvilər hakimiyyəti dövründə bütün İslami dəyərlər aradan getdiyi üçün cəmiyyət də çökmüşdü. İmam (ə) ümmətin yaşadığı tərəddüd və parçalanmaya son qoymaq üçün qiyam etdi.

13. Hüquqlarını müdafiə etmək: İmam (ə) Əməvilər tərəfindən tapdanaraq təcavüzə məruz qalmış hüquqlarını qorumaq üçün cihada qalxdı. Həmin hüquqların ən vacibi xilafət idi. İmam (ə) bağlanmış sülh müqaviləsinin tələbinə əsasən, qanuni xəlifə sayılırdı. Üstəlik o, Allah tərəfindən seçilmiş həqiqi xəlifə idi. Məhz buna görə də, Yezidə beyətin edilməsi qeyri-qanuni sayılırdı. Əməvilərə bəzi meyilli olanların iddia etdiyi kimi, İmam Hüseyn (ə) müsəlmanların imamına qarşı deyil, qəsbkar və zalim hakimin əleyhinə qiyam etmişdi.

14. Yaxşı işlərə əmr etmək: İmamın (ə) qiyamının ən ümdə səbəblərindən biri də “yaxşı işlərə əmr edib, pis əməllərdən çəkindirmək”- idi. Çünki bu iki bənd dinin sütunlarından sayılır. İmam (ə) onların icra olunmasında başqalarından daha çox məsuliyyət daşıyır. Necə ki, Yezidə qarşı qiyamın səbəblərini bəyan edərkən qardaşı Məhəmməd bin Hənəfiyyəyə buyurmuşdu: “Mən qudurğanlıq, yaxşı yaşamaq, pozğunluq etmək və zalımlıq üzündən qiyam etmirəm. Mən yalnız babamın (s) ümmətini islah etmək, yaxşılığa dəvət və pislikdən çəkindirmək üçün qiyam etmişəm.”

15. Bidətlərin məhv edilməsi: Əməvilər hakimiyyəti İslamı məhv etmək üçün müsəlmanlar arasında məqsədyönlü şəkildə bidətlər yayırdılar. İmam (ə) Bəsrə əhalisinə göndərdiyi məktubda buna işarə etmişdi: “(Peyğəmbərs(s)-in) sünnəsi məhv edilib və bidətlər dirçəldilib.” İmam (ə) Əməvilərin yaydıqları cahiliyyət bidətlərini məhv etmək və babası Peyğəmbərin (s) sünnəsini dirçəldərək İslamı yaymaq üçün ayağa qalxmışdı.

16. Peyğəmbərin (s) əhdi: Peyğəmbər (s) Əməvilərin əli ilə İslama yönəlik böyük təhlükələri qeybdən (ona verilən elmə əsasən) görürdü. O həzrət (s) övladı Hüseynin (ə) qurban getməsi bahasına peyğəmbərlik missiyasının yenilənməsinin mümkünsüzlüyünü və onun əsaslarının əbədi qalmasını bilirdi. Peyğəmbər (s) ona bu yolda qurban gedəcəyini də bildirmişdi. Məhz buna görə İmam Hüseyn (ə) İraqa səfər edərkən ona ürəyi yananlara belə demişdi: “Allah rəsulu mənə bir iş əmr edib və mən ona doğru gedirəm.”

17. İzzət və ləyaqət: İmamın (ə) qiyam etməsinin ən mühim səbəblərindən biri də izzətli və ləyaqətli olması idi. Belə ki, Əməvilər onu zillət və alçalmağa məcbur edirdilər. Lakin İmam (ə) bunu rədd edərək izzətlə yaşadı. O, Aşura günü bunu bəyan edərək demişdi: “Ağah olun, bilin ki, bu zinazadə oğlu zinazadə (İbn Ziyad) iki işin arasında saxlayıb; ya zəlilcəsinə beyət edim, ya da qılıncla doğranım. Heyhat, zillət bizdən uzaqdır!”

18. Əməvilərin xəyanət və cinayətləri: İmam (ə) Əməvilərin onu rahat buraxmayacaqlarına, hətta, onlarla sülh bağlayıb beyət etsə belə, xəyanət və cinayətdən əl çəkməyəcəklərinə əmin idi. O, qardaşı Məhəmməd bin Hənəfiyyəyə bu barədə bildirərək demişdi: “Əgər yerin altında yaşayan heyvanların yuvasına daxil olsam belə, onlar məni oradan çıxarıb öldürəcəklər.” İmam (ə) onlara müharibə elan edib şərəflə ölməyi seçdi. Bununla İmam (ə) onların zülm və istibdad taxtını silkələyib məhv etdi.

Yuxarıda qeyd olunanlar, İmam Hüseyni (ə) Yezidin hakimiyyətinə qarşı qiyama sövq edən bəzi səbəblər idi.
Xanım Zeynəbin (ə) sözünə gəlincə; bu onun Uca Yaradanın iradəsinə razılığın, qəzavü-qədərə imanın və Allaha etdiyi təvəkkülün göstəricisi idi. Onun üçün baş verənlər xeyirdən və gözəllikdən başqa bir şey deyildi. Çünki bütün bunlar İslamın kökünü qorumağa və Əməvilərin İslamı məvh etmək üçün qurduqları planları pozmağa xidmət edirdi.
Mərhum Şeyx Mürtəza Mütəhhərinin “İmam Hüseyn (ə) qəhrəmanlığı” kitabında qeyd etdiklərinə gəlincə isə; həmin məlumat, İmam Hüseyn (ə) və səhabələrinin Məhərrəm ayının yeddinci günü sudan məhrum edilmələri ilə bağlı nəql olunan rəvayətin məzmununa ziddir.

Mənbə: http://www.aqaed.com/faq/1260/

Allahın adı ilə!

Ali məqamlı mərcəyi təqlid müctəhid Seyid Əli Hüseyni Sistani cənablarının Nəcəf-Əşrəf şəhərindəki dəftərxanası 19 Sentyabr 2020-ci ilin 1 Səfər 1442-ci il tarixinə təsadüf edəcəyini bəyan edib.

Allah gələn günlərinizi xeyir üzərində qərar versin!

Əhli-beytdən (ə)- “Ey Əba-əbdillah, sənin günün kimi bir gün yoxdur!” hədisi nəql olunub. Həmin hədis hansı mənanı özündə əks etdirir?
Halbuki insanlar tarix boyu müharibələr nəticəsində dəhşəti heç də Kərbəla faciəsindən az olmayan bəla və müsibətlərlə üzləşmişlər. İnsanların bəzisi zindanlarda qisas və intiqamın ən ağır növü ilə işgəncələrə məruz qalmışlar. Elə isə, qeyd olunan ifadənin mənası nədir?

Cavab: İmam Həsən (ə) bu sözü ilə Kərbəla hadisəsinin əzəmətini vəsf edir. Belə ki, Kərbəla hadisəsi onun (imam Həsən (ə)-ın) zəhərlənməsilə müqayisədə daha faciəlidir. İmam Hüseyn (ə)-ın müsibəti daha çox ağlamağa və kədərlənməyə layiqdir. Bu gün zalimlər nə qədər cinayət və fəlakətlərə səbəb olacaq işlər görsələr belə, Kərbəla hadisəsi yenə də öz şiddətli ağrı-acıları ilə öndədir. Çünki orada Peyğəmbər (s)- in nəvəsi və Allahın bütün insanlar üzərindəki hüccəti amansızcasına qətlə yetirilmişdir. Onun mübarək bədənində yaradan sağlam yer yox idi. Onun yarasının içərisində yara, bədəninə vurulan zərbənin üzərində başqa bir zərbə var idi. Orada İmam (ə) ilə bərabər əhli-beytindən olan qardaşları, övladları, körpələri və səhabələri qətlə yetirildilər. Onun səhabələri Yer üzərində məsumlardan (ə) sonra insanların ən yaxşısı idilər. Onun əhli-əyalı əsir götürüldü, döyüldü və qamçılandı.
Hələ indiyədək Kərbəla faciəsi kimi bir müsibət baş verməyib. Allahın insanlar üzərindəki hüccətinin qətlə yetirilməsi ən böyük müsibət idi. Həzrət Saleh (ə)- ın dəvəsini qətlə yetirən şəxs o dövrün ən bədbəxti hesab edilirdi. Həmin dəvə Allah peyğəmbərinin insanlar üçün dəlil gətirdiyi möcüzə idi. Həmçinin imam Hüseyn (ə)- ın qatili dövrün ən bədbəxti idi. Çünki o, Allahın bütün insanlar üzərindəki hüccəti olan məsum imamı qətlə yetirmişdi.

Mənbə: http://www.aqaed.com/faq/1330/

Bəzi insanların tərəddüdlə yanaşdıqları belə bir sual var: “İmam Hüseyni (ə) şiələr qətlə yetirmişlər. Həqiqətənmi, onlar şiələr idilər? Bəlkə onlar, tam başqa bir dəstə olublar? Onlar Əhli-beyt (ə) davamçıları olub sonradan yollarını azmışdılarmı?”
Ali-məqamlı mərcəyi təqlid müctəhid Seyid Əli Hüseyni Sistani cənablarının dəftərxanasının nəzdində fəaliyyət göstərən “İdealoji araşdırmalar mərkəzi”-nin elektron portalına ünvanlanmış belə bir suala cavab verilmişdir.
Cavab: Əslində, “İmam Hüseyni (ə) şiələr qətlə yetirmişlər”- fikri, qəlbində şiə məzhəbinə qarşı nifrət bəsləyib ona arxadan zərbə vurmaq istəyənlərin yaydıqları şübhədir.
Reallıq isə, bunun tam əksidir. İmam Hüseyni (ə) qətlə yetirənlər Əbu Süfyan ailəsinin şiələri (tərəfdarları) idilər. İmam Hüseynin (ə) Aşura günü qarşı tərəfə etdiyi bu müraciət deyilənin sübutudur: “Vay halınıza, ey Əbu Süfyan ailəsinin şiələri (tərəfdarları), əgər dininiz yoxdursa və Qiyamət günündən qorxmursunuzsa, bu dünyanızda azad olun və iddia etdiyiniz kimi ərəbsinizsə, əsil-kökünüzə qayıdın.” (“Əyanuş-şiə” 1/609)
“Rical” alimlərindən heç kim öz kitabında Ömər bin Səd, Şəbəs bin Rəbi və Hüseyn bin Nümeyr kimi imam Hüseyni (ə) qətlə yetirən şəxsləri şiə olaraq qeyd etməmişlər. Əksinə, mövcud mətnlər adları qeyd olunan şəxslərin müsəlman icmasına mənsub olduqlarına dəlalət edir.
Onların vaxtilə möminlərin əmiri imam Əlinin (ə) tabeliyində olmaları, şiə olduqlarına dəlalət etmir. Çünki imam Əlinin (ə) arxasında namaz qılan, yaxud onun ordusunda döyüşən şəxsin şiə olması zəruri deyil. İmam Əli (ə) müsəlmanların dördüncü xəlifəsi hesab olunurdu. Hamı onu məsum və Peyğəmbərdən (s) sonra birbaşa xəlifə deyil, məhz dördüncü xəlifə olaraq qəbul etmişdi.
Onların imam Hüseynə (ə) məktub göndərib Kufəyə dəvət etmələri, heç də şiə olmalarına dəlalət etmir. Çünki onlar imam Hüseyni (ə) Peyğəmbərin (s) səhabəsi və nəvəsi olaraq xilafət və rəhbərlik üçün daha uyğun namizəd hesab edirdilər. Onların nəzərində imam Hüseyn (ə) on iki imamdan (ə) biri, yaxud məsum və ya xilafət məqamına başqalarından daha layiq şəxs deyildi.
Üstəlik, onların Aşura günü imam Hüseyn (ə) və məiyyətinə qarşı, suyun önünü kəsmək kimi rəftarları şiə olmadıqlarına dəlalət edirdi. Bureyr Həmdani onlara xitab edərək dedi: “Bu, Fəratın suyudur. Ora qara donuzlar və itlər girir. Amma ondan Peyğəmbər (s) övladının içməsinə icazə vermirlər.” Onlar Bureyrə dedilər: “Ey Bureyr, çox danışdın. Sus! And olsun Allaha ki, Hüseyn ondan əvvəl susuz qalan şəxs kimi (onlar bununla Osman bin Əffanı nəzərdə tuturdular) susuz qalacaq. Məgər bu bir şiənin cavabıdır?!”
Qeyd etmək lazımdır ki, şiələr Kufədəki əhalinin yeddidə birini təşkil etməklə on beş min nəfər idilər. Tarix onların on iki min nəfərinin həbs olunduğunu, bəzilərinin edam edildiyini, bəzilərinin Mosul və Xorasana köçürüldüyünü, bəzilərinin sürgün edildiyini və “Bəni Qazirə” qəbiləsi kimi bir qisminin də imam Hüseynə (ə) qoşulmalarının qarşısının alındığını qeyd etmişdir. Kufə əhalisinin yalnız, az bir qismi imam Hüseynə (ə) qoşula bilmişdir.
Demək, imam Hüseyni (ə) Kufənin şiələri qətlə yetirməyib. Əksinə, imam Hüseyni (ə) Kufənin başqa millət və məzhəbdən olan əhalisi qətlə yetirmişdir.
Doğrudur, şiələrin çoxu Kufədə yaşayırdı. Amma şiələr orada çoxluq təşkil etmirdilər. Aşağıda qeyd olunan tarixi hadisələr şiələrin Kufədə azlıq təşkil etdiyinin sübutudur:
- Bütün tarix kitablarında qeyd olunub ki, imam Əli (ə) xəlifə olduqdan sonra “Təravih” namazını dəyişmək istədikdə, insanlar məsciddə ona etiraz edirək “Vay olsun, Ömərin sünnəsi aradan gedir!”-deyə, səs-küy saldılar.
- İslam fiqh elmində əgər “bu kufəlilərin rəyidir”- deyilərsə, həmin rəyin “Cəfəri” məzhəbindən olan şiələrə deyil, əhli-sünnənin “Hənəfi” məzhəbinə aid olduğu anlaşılar.
Daha çox məlumat əldə etmək üçün mərhum Möhsün Əminin “Əyanuş-şiə” kitabında (1/585) qeyd etdiyi sözləri diqqətinizə çatdırırıq: “Allah iraq etsin ki, imam Hüseyni (ə) şiələr qətlə yetirmiş olsun! Əksinə, İmamı (ə) öldürənlərin bəzisi din ilə heç bir əlaqəsi olmayan tamahkarlar, bəzisi alçaq və əclaf xislətlilər, bəziləri isə öz başçılarına tabe olanlar idi. Həmin başçılar onları dünya sevgisinə görə döyüşə aparmışdılar. Onların arasında bir nəfər də olsun imam Hüseynin (ə) şiə və sevənlərindən yox idi.
İmam Hüseynin (ə) sədaqətli şiələri (tərəfdarları) ona yardım etdilər və İmamı (ə) yalnız, onlar öldürüldükdən sonra qətlə yetirdilər. Onlar həyatlarının sonuna qədər var gücləri ilə İmama (ə) yardım etdilər. Onların bəzisi İmama (ə) yardım edə bilmədilər və yaxud işin bu sonluqla bitəcəyini gözləmirdilər. Başqa bir qismi özünü təhlükəyə ataraq İbn Ziyadın Kufə ətrafında düzənlədiyi mühasirə səddini yararaq İmamın (ə) yardımına gəlib onunla birgə şəhid oldular. Amma imam Hüseynin (ə) şiə və sevənlərindən heç kim ona qarşı döyüşməyib. Məgər kimsə İmamın (ə) sədaqətli şiələrinin bu qədər çox olduğunu düşünə bilərmi?! Xeyir, hər zaman haqq tərəfdarları çox az olmuşlar və açıq-aşkar tanınmışlar. Allah – təala buyurur: “Bəndələrimdən şükür edəni azdır.” (Səbə/13)
Kufə əhalisindən olan şiələrin iki qisim olmasını da söyləmək olar:
1. Xüsusi məna kəsb edən şiələr. Onlar “təvəlla” və “təbərra” prinsipinə etiqad bəsləyirdilər. Onlar imam Hüseyn (ə) ilə döyüşən Ömər bin Sədin ordusunda yer almamışdılar. Əksinə, onlar ya İmam (ə) ilə şəhid oldular, ya zindana salındılar, ya da İmamın (ə) şəhadətindən sonra Kərbəlaya yetişdilər.
2. Ümumi məna kəsb edən şiələr. Onlar Əhli-beyti (ə) sevirdilər. Belə ki, onlar “təbərra” deyil, yalnız “təvəlla” prinsipinə etiqad bəsləyirdilər. Onların dini mətnlərə əsasən imamətin İlahi mənsəb olduğuna etiqadları yox idi. Məhz buna görə onlar, ilk əvvəl imam Hüseynə (ə) beyət etdilər, sonra isə beyətlərini sındırıb Ömər bin Sədin ordusuna qoşuldular.
Tarix kitablarında Kufə əhalisini məzəmmət edən mətnlər, məhz ümumi mənanı kəsb edən şiələri nəzərdə tutur. Onlar inkarsız şiələr idilər. Onlar şiəliyin təməl prinsipi sayılan imamətin İlahi mənsəb olduğuna etiqad bəsləmirdilər.

Allahın adı ilə!

Ali məqamlı mərcəyi təqlid müctəhid Seyid Əli Hüseyni Sistani cənablarının Nəcəf Əşrəf şəhərindəki dəftərxanası 20.08.2020 ci ilin 30 Zil-hiccə ayına və Müqəddəs Məhərrəm ayının birinci gününün, eyni zamanda 1442 ci il hicri qəməri tarixinin başlanğıcının 21.08.2020 ci il tarixinə təsadüf edəcəyini bəyan edib.

Allah gələn günlərizi xeyir üzərində qərar versin!

4 -dən səhifə 93