Yaxşı işlərə dəvət və pis əməllərdən çəkindirmək

Sual: Yaxşı işlərə dəvət və pis əməllərdən çəkindirməyin şərtləri hansılardır?

Cavab: Yaxşı işlərə dəvət və pis əməllərdən çəkindirməyin vacib olmasının bir neçə şərti var:

1. Ümumi şəkildə olsa belə, yaxşı və pis işi tanımaq. Nəyin yaxşı olduğunu bilməyən şəxsə yaxşı işlərə dəvət etmək vacib deyil. Həmçinin nəyin pis olduğunu bilməyən şəxsə  pis əməllərdən çəkindirmək vacib deyil. Bəli, birinciyə dəvət və ikincidən çəkindirmək üçün yaxşı və pisi öyrənmək müqəddimə baxımından vacib ola bilər.

2. Yaxşılığa dəvət olunan şəxsin yaxşı işə əməl edəcəyi və pis işlərdən çəkindirilən şəxsin çəkinəcəyi ehtimal edilməlidir. Əgər onun heç bir məhəl qoymayacağı və əhəmiyyət verməyəcəyi məlum olarsa, fəqihlər arasında məşhur olan rəyə əsasən, bu iş vacib deyil. Lakin onun yaxşı əməli tərk edib pis işlər tutmasına, hətta təsir etməyəcəyini bilsə də, öz narazılığını və ikrah hissini bildirmək ehtiyata əsasən, tərk olunmamalıdır.

3. Yaxşı işləri tərk edən və pis əməllər yerinə yetirən şəxs öz əməlini davam etdirmək niyyətində olarsa; əgər bir şəxsin hətta birinci dəfə belə, yaxşı işi tərk etmək və pis bir əməl tutmaq əzmində olmasından xəbərdar olarsa, onu (yaxşı işə) dəvət etmək və ya (günah əməldən) çəkindirmək vacibdir.

4. Yaxşı işi tərk edən və pis əməl yerinə yetirən şəxs etdiyi işin haram deyil mubah olmasını və ya tərk etdiyinin vacib olmadığını güman etməsi kimi səbəblərə görə üzürlü olmamalıdır. Əlbəttə, əgər onun tutmaq istədiyi gunah əməl haqsız olaraq insan qətl etmək kimi şəriətin qəbul etmədiyi bir əməldirsə, həmin şəxs nəinki cahil, hətta təklif həddinə çatmasa belə, onu bu əməldən çəkindirmək vacibdir.

5. Yaxşı işlərə dəvət edən və pis əməllərdən çəkindirən şəxs canına, namusuna və malına əhəmiyyətli dərəcədə zərər dəyəcəyindən qorxmamalıdır. Həmçinin bu işi yerinə yetirdiyi üçün dözülməz dərəcədə çətinliyə düşməməlidir. Lakin yaxşı işin yerinə yetirilməsi və pis əməlin tərk edilməsi müqəddəs şəriətin nəzərində zərər və çətinliklərə dözmək müqabilində daha böyük əhəmiyyət kəsb etdiyinə əmindirsə, bu, istisna haldır.

Əgər yaxşı işlərə dəvət və pis əməllərdən çəkindirməyin müsəlmanların can, namus və mallarına əhəmiyyətli dərəcədə zərər verəcəyindən ehtiyat olunarsa, vacib hökmündən düşər. Əlbəttə, əgər yaxşı işlərə dəvət və pis əməllərdən çəkindirmək şəriətin nəzərində əhəmiyyətli işlərdən olarsa, bu əməllə ehtimalın dərəcəsi və ehtimal olunanın əhəmiyyəti baxımından hər iki tərəfi dəyərləndirmək vacibdir. Ola bilsin ki, bu əməlin vacib olması hökmdən düşməsin.

Sual: “Minhacus-salihin” kitabında “Yaxşı işlərə dəvət və pis əməllərdən çəkindirmək” fəslində (yaxşı işə dəvət və pis əməldən çəkindirməyə) əhəmiyyət verməyən şəxs barəsində belə demisiniz: “Bütün şərtlər mövcud olduqda yaxşı işlərə dəvət və pis əməllərdən çəkindirmək vacibdir. Lakin bu, vacib ehtiyata əsasəndir”. Bu necə ola bilər? Yaxşı işlərə dəvət və pis əməllərdən çəkindirməyin mərhələlərində təsiretmə dərəcəsi nəzərdə tutlmalıdırmı?

Cavab: Yaxşı işlərə dəvət və pis əməllərdən çəkindirməyin vacib olma şərtlərindən biri də bu əməlin təsirli olmasını ehtimal etməkdir. Əgər təsir edəcəyini ehtimal etməsə, yəni günah edən şəxs yaxşı və pis işə heç bir əhəmiyyət vermirsə, məşhur fəqihlər yaxşı işlərə dəvət və pis əməllərdən çəkindirməyin vacib olma hökmündən düşdüyünü qeyd etmişlər. Lakin Seyid cənabları bu məsələdə ehtiyat edərək qarşı tərəfin günah əməl tutmasına öz narazılığını bildirmək kimi söz və əməldə etiraz etməyin vacib ehtiyat olduğunu demişdir.

Sual: İndiki zamanda heç kim günah əməldən çəkindirilməyi qəbul etmir. Hər dəfə bu işi yerinə yetirdikdə mübahisə ilə nəticələnir, bəzən də düşmənçiliyə gətirib çıxarır. Belə olan halda nə etmək lazımdır?

Cavab: Əgər sənə zərər yetişəcəksə günah əməldən çəkindirmək vacib deyil. Həmçinin təsir etmiyəcəyini bilirsənsə, vacib deyil. Lakin öz narazılığını bildirməyin ehtiyata əsasən vacibdir.

Sual: Araq içən və insanlara heç bir zərəri toxunmayan və daima xeyir sevən insanla müamilə etmək icazəlidirmi?

Cavab: Onunla müamilə etmək vacib olma şərtləri mövcud olduqda günah əməllərdən çəkindirilməsi ilə ziddiyyət yaratmasa, iczəlidir.

Sual: Açıq-saçıq geyinən zövcəni hicab geyinməyə məcbur etmək və ğinaya qulaq asmaq kimi haram əməl etməsinin qarşısını almaq ərə vacibdirmi? Əgər onu günahdan çəkindirə bilmirsə nə etməlidir?

Cavab: “İzahlı şəriət məsələləri” kitabında qeyd olunmuş mərhələlərə uyğun olaraq zövcəsini yaxşı işlərə dəvət etməsi və pis əməllərdən çəkindirməsi ona vacibdir. Əgər riayət etməsə, onun barəsində heç bir məsuliyyət daşımır. Lakin lazımı icraatlar aparmalıdır ki, onun doğru olmayan davranışı uşaqların tərbiyəsinə mənfi təsir etməsin.

Sual:  Birinin qeybətiniə şahid olan, lakin onu müdafiə edə bilməyən şəxs həmin məkanı tərk etməlidir, yoxsa sükutunu davam etdirməlidir?

Cavab: Qeybət edən şəxsə mane ola bilməsə də, həmin məclisi tərk etmək vacib deyil.  Lakin əgər bu işdən onu çəkindirəcəyini bilsə, ehtiyata əsasən onun sözlərinə öz narazılığını və ikrahını bildirməlidir.

Sual: İctimai nəqliyyatda olarkən ğina eşitməyə məcbur olaramsa və yaxşı işə dəvət etməyə gücüm yetməsə, bu halda nə etəməliyəm? Həmçinin istər ictimai nəqliyyatda, istərsa də başqa bir yerdə olarkən baş verən hər hansı bir günah əməlin qarşısını almağa imkanım yoxdursa və həmin yeri tərk edə bilmirəmsə, bu halda nə etməliyəm?

Cavab: Əgər baş verən günah əmələ görə öz narazılığını və ikrahını bildirməyə imkanın varsa, bunu etmək sənə vacibdir. Əks təqdirdə, heç bir məsuliyyət daşımırsan.

Sual: Müsəlman insan zövcəsini və övladlarını vaxtı çıxmadan əvvəl namazı qılmağa, xüsusilə də sübh namazını qılmağa fiziki güc tətbiq etmədən məcbur etməyə haqqı varmı?

Cavab: Yaxşı işlərə dəvət və pis əməllərdən çəkindirməyin mərhələlərinə və şərtlərinə riayət edrərk buna haqqı var.

Sual: Musiqi və ğinaya şamil olması əvvəlcədən məlum olan yığıncaqlarda iştirak etmək icazəlidirmi? Məclisə gəldikdən sonra belə hallarla qarşılaşan şəxsin şəriət baxımından vəzifəsi nədir?

Cavab: Həmin məclislərdə sükut edərək iştirak etmək günah əməllərdəndir. Ola bilsin ki, onun bu əməli baş verən günah əmələ razılıq və başqalarını günaha sövq etdirmə hesab olunsun. Bundan əlavə pis əməllərdən çəkindirmək prinsipinin şərtlər mövcud olduğu təqdirdə vacibliyi bu işdən çəkindirmək kimi bir vəzifəni yerinə yetirməyi tələb edir. Əgər məclisə gələn şəxs məclisin bu kimi haram əməllərə şamil olduğuna şahid olarsa, “İzahlı şəriət məsələləri” kitabında qeyd olunmuş şərtlər əsasında günah əməldən çəkindirmək vəzifəsini yerinə yetirmək ona vacibdir.

Sual: Yaxşı işlərə dəvət və pis əməllərdən çəkindirmək vəzifəsinin vacib hökmündən düşməsinə səbəb olan zərərin dərəcəsinin təyin olunması elmə, gümana, yoxsa ehtimala əsaslanır?

Cavab: Bu vəzifənin öhdədən düşməsinə səbəb olan zərər, əhəmiyyətli  dərəcədə cana, mala və ya namusa dəyəcək zərərdir. Adətən dözülməsi qeyri-mümkün olan çətinlik də bu hökmdədir.

Sual: Zərər çəkəcəyi ehtimalı ilə fərdlərin yaxşı işlərə dəvət və pis əməllərdən çəkindirmək vəzifəsini tərk etməsi nəticəsində cəmiyyətdə günah əməllər intişar tapmışdır. Belə olduğu halda zərər çəkəcəkləri ehtimal olunsa belə, yaxşı işlərə dəvət və pis əməllərdən çəkindirmək hər bir fərdə vacibdirmi?

Cavab: Bəli, əgər günah əməlin tərk edilməsi şəriətin nəzərində zərər və çətinliklərə dözmək müqabilində daha böyük əhəmiyyət kəsb etdiyinə əminlik yaranarsa, bu (vəzifəni yerinə yetirmək) vacibdir.

Sual: Zərərə çəkəcəyi ehtimal olunduğu təqdirdə yaxşı işlərə dəvət və pis əməllərdən çəkindirməyin yaxşılığa dəvət edən və ya pislikdən çəkindirən şəxsin öhdəsindən düşməsi “rüxsət” – zərər çəkəcəyini bilib və ya ehtimal etdiyi halda belə, yaxşı işlərə dəvət və pis əməllərdən çəkindirmək icazəlidir –  yoxsa “əzimət” – yaxşı işlərə dəvət və pis əməllərdən çəkindirmək ona haramdır, əgər yerinə yetirərsə günah etmişdir – baxımındandır?

Cavab: Ehtimal edilən zərər ölüm və bu kimi təhlükə dərəcəsinə çatmasa, icazəlidir. Həmşinin ehtimal olunun zərər ağıl sahiblərinin nəzərində qorxulacaq dərəcədə olmasa, hökm belədir.