Xəstə şəxsin orucunun hökmləri

Sual: Oruc tutan şəxsin burun damcısından istifadə etməsi caizdirmi?

Cavab: Əgər daxilə getməyəcəyinə əmin olarsa, caizdir.

Sual: Ramazan ayında həkimə müraciət etmək məcburiyyətində qaldım. Həkim burnuma dərman qoydu və bir müddət keçəndən sonra qida borusunda dərmanın dadını hiss etdim. Həmin günün orucunun qəzasını yerinə yetirməyim vacibdirmi?

Cavab: Əgər dərman boğaza bilməyərəkdən gedərsə, vacib deyil və onun (boğaza) məcburi şəkildə getməsi məlum deyil.

Sual: Bayğınlıq halında olan şəxsin namaz və orucunun hökmü nədir?

Cavab: Əgər o, namazın bütün vaxtı ərəfəsində bayılmış vəziyyətdə olarsa, namazın qəzasını yetirməsi vacib deyildir. Lakin özü-özünü bayıldarsa, ehtiyata əsasən, qəzanı yerinə yetirməlidir. Həmçinin bayılmaq səbəbindən orucu əldən verən şəxsə qəzanı yerinə yetirməsi vacib deyildir.

Sual: Mükəlləf şəxs orucun ona zərər verəcəyi inancında olsa da, oruc tutub. Lakin sonra inancının səhv olması (orucun ona zərər verməməsi) məlum olub. Bu halda, onun orucu düzgündürmü?

Cavab: Bəli, əgər orucun xəstə şəxs üçün qanuni olmamasını bilməsə və Allaha yaxın olmaq niyyəti ilə oruc tutsa, düzgündür. Amma orucun xəstə şəxs üçün qanuni olmamasını bilib Allaha yaxın olmaq niyyəti ilə oruc tuta bilməz. Bu baxımdan orucu batil olar.

Sual: Əgər mükəlləf şəxs oruc tutmağın sağlamlığına zərər verməyəcəyini düşünüb oruc tutar və sonradan səhv düşündüyünü anlayarsa, belə ki, orucun ona zərər vurduğu məlum olarsa, tutduğu orucla kifayətlənə bilərmi?

Cavab: Lazim ehtiyata əsasən, həmin orucla kifayətlənə bilməz. Ehtiyata əsasən, həmin orucun qəzasını tərk etməməlidir.

Sual: Təklif yaşına (həqddi büluğ, yetkinlik yaşına) çatarkən xəstə idim. Müalicə üzündən oruc tutmaq mümkün olmadı. Dörd il müalicə olunduğum üçün oruc tuta bilmədim. Hal-hazırda yenə xəstəyəm. Lakin oruc əsnasında xəstəliyə qatlaşa bilirəm. Tutmadığım keçmiş Ramazan aylarının hökmü nədir? Mənə yalnız kəffarər (fidyə vermək) vacibdir, yoxsa qəza da etməliyəm. Mənim hal-hazırda tutduğum orucun hökmü nədir?

Cavab: Əgər xəstəliyin növbəti Ramazan ayına qədər davam edərsə, qəza etmək üzərindən düşər və hər gün üçün 750 qram miqdarında buğda və çörək kimi yemək sədəqə verərsən. Əgər oruc tutmaq həqiqətən də, sənə ziyan edərsə, bu zaman orucunu pozmalı və xəstəlik növbəti Ramazan ayına qədər davam etdiyi təqdirdə, fidyə verməlisən.

Sual: Xəstəlik üzündən orucunu pozan şəxs kəffarə (fidyə) verdikdən sonra, nə vaxtsa oruc tutmağa gücü olsa, (xəstəlik üzündən orucunu pozduğu günlərin) qəzasını yerinə yetirməlidirmi?

Cavab: Əgər onun xəstəliyi növbəti Ramazan ayına qədər davam edərsə, qəza etmək onun üzərindən düşər və fidyə verməsi vacibdir. Xəstəlik növbəti Ramazan ayına qədər davam etməsə, qəzanı yerinə yetirməsi vacibdir. Əgər bir il ərzində qəzanı yerinə yetirməsə, fidyə vermək ona vacib olar və hər gün üçün bir yoxsula 750 qram buğda verərsə, kifayət edər.

Sual: Ramazan ayında şəkərim düşərsə, orucumu poza bilərəmmi? Qeyd etməliyəm ki, şəkər düşərkən “insulin” iynəsini vurmaq bayılma və digər ağır hallara səbəb olur. Ramazan ayında günorta vaxtı şəkərim düşərsə, vəzifəm nədir? Ramazan ayında günorta vaxtı “insulin” iynəsini vurmağın hökmü nədir?

Cavab: Bu halda, orucu pozmağın caizdir və “insulin” iynəsini vurmaq orucu batil etmir.

Sual: Ramazan ayında günorta vaxtı “Sonar” aparatından istifadə etmək orucu batil edirmi?

Cavab: Əgər həmin aparata, (mədəyə) rahat daxil etmək üçün tibbi məhlullar sürtməyiblərsə, orucu batil etməz. Lakin ona tibbi məhlullar sürtülsə, (həmin məhlulların boğaza daxil olması ilə) oruc batil olar.

Sual: Şəkər xəstəsi olan qadın Ramazan ayında əsla oruc tuta bilməsə, vəzifəsi nədir?

Cavab: Xəstəliyi növbəti Ramazan ayına qədər davam edərsə, hər gün üçün 750 qram buğda fidyə verməsi kifayətdir və qəza etməsi vacib deyil.

Sual: Xəstəliyi növbəti Ramazan ayına qədər davam edən və qəzanı yerinə yetirə bilməyən şəxs səfər edərsə, fidyə üzərindən götürülərmi?

Cavab: Xeyr, götürülməz.

Sual: Xəstəliyinin davam etməsini bilən və yaxud bunda şəkk edən şəxs, növbəti Ramazan ayından əvvəl dərhal fidyə verə bilərmi?

Cavab: Bu yalnız xəstəliyin nə orucu, nə də qəzanı icra edə bilmədiyi vaxta qədər davam etdiyi halda, caizdir.

Sual: Orucun zərər verəcəyini zənn edən şəxsin oruc tutması caizdirmi?

Cavab: Oruc, dözülməz zərərə səbəb olarsa, düzgün deyil. Əgər oruc tutmaq ölüm və bu kimi təhlükələrlə nəticələnərsə, haramdır.

Sual: Oruc halında diş həkiminə gedən şəxsin hökmü nədir?

Cavab: Qanı və dərmanı qəsdən udmadığı təqdirdə, orucu düzgündür.

Sual: Ramazan ayında qadının daxili tibbi müayinə olunması, orucunu batil edərmi?

Cavab: Xeyr, batil etməz.

Sual: Çənbər bağırsağı iltihabından, böyrək daşı və ya duz kristallarından, yaxud sidik kisəsi iltihabından əziyyət çəkən xəstələrin orucunun hökmü nədir?

Cavab: Əgər oruc tutmaq onlara zərər verərsə, yaxud onlar oruc tutmağın zərərindən qorxsalar, oruclarını pozmalıdırlar.

Sual: Xəstə şəxsin oruc əsnasında xüsusi dərman qəbul etməsi caizdirmi? Qeyd etməliyəm ki, bu həb gündəlik qəbul olunan dərman kimidir. Əgər oruc tutan onu qəbul etməsə, orucunu tamamlaya bilməz.

Cavab: Caizdir, amma orucu batil olar. Əgər il ərzində qəzanı yerinə yetirə bilməsə, növbəti Ramazan ayı yetişdikdən sonra fidyə verməlidir. O, hər gün üçün bir yoxsula 750 qram un və yaxud xurma verərsə, kifayət edər.

Sual: Burnunda allergiyası olan şəxsin orucu düzgündürmü?

Cavab: Bəli, düzgündür.

Sual: Anam mədə xəstəliyindən əziyyət çəkir. O, oruc tuta bilməyəcəyini hiss etdiyini və nə aclığa, nə də toxluğa dözmək gücündə olmadığını, deyir. Bu halda o, oruc tutmalıdırmı?

Cavab: Əgər oruc tutmaq ona zərər yetirərsə və yaxud o, oruc tutmaqla dözülməz sıxıntıya düşərsə, orucunu pozmalıdır.

Sual: Ürəyi zəif olan və stenokardiyadan əziyyət çəkən xəstə qadına oruc tutmaq vacibdirmi? (Oruc tuta bilmədiyi halda) kəffarə verməlidirmi? Kəffarənin miqdarı nə qədərdir?

Cavab: Vacib deyil. Əksinə, oruc tutmaq ona ciddi zərər yetirərsə, (oruc tutması) haramdır. Bu halda, növbəti Ramazan ayı yetişdikdən sonra fidyə verməlidir. Fidyənin miqdarı, hər gün üçün bir yoxsula veriləcək 750 qram un və xurma kimi ərzaq məhsuludur.

Sual: Mən ağır xəstəyəm və orqanizmim də çox zəifdir. Hal-hazırda müalicə olunuram və dərman qəbul etmək məcburiyyətindəyəm. Ramazan ayının orucunu tuta bilmirəm. Mənə orucumu pozub inşallah, sonradan qəza etməyim caizdirmi? Mənə oruc tutmaqdan başqa bir əməl vacibdirmi?

Cavab: Əgər oruc tutmaq sənə zərər yetirərsə və yaxud dözülməz sıxıntıya səbəb olarsa, orucunu pozmağın caizdir. İl ərzində oruc tuta bilsən, qəzanı yerinə yetirməlisən. Amma növbəti Ramazan ayı yetişənədək xəstəlik üzündən qəzanı yerinə yetirə bilməsən, qəza üzərindən götürülər və fidyə verməyin vacibdir. Hər gün üçün bir fəqirə 750 qram un və yaxud xurma verməyin kifayətdir.

Sual: Üç il bundn əvvəl Ramazan ayında qan azlığı xəstəliyinə tutuldum və doqquz gün xəstəxanada yatdım. Həmin günlərdə oruc tutmadım və indiyədək qəzasını da yerinə yetirməmişəm. Mənim vəzifəm nədir?

Cavab: Sən həm qəzanı yerinə yetirməli, həm də gecikdirdiyin fidyələri verməlisən. Hər gün üçün bir yoxsula 750 qram miqdarında ya un, ya xurma, ya da düyü versən, kifayət edər.

Sual: Ürək, mədə xorası, miqren və qan təzyiqi xəstəliyindən əziyyət çəkən xəstələr üçün oruc tutmamaq üzrü nədən ibarətdir?

Cavab: Burada meyar, orucun həmin şəxsə zərər vurması və yaxud dözülməz sıxıntıya səbəb olmasıdır.

Sual: Oruc tutanın xəstəliyi davam edərsə, hökmü nədir?

Cavab: Əgər xəstəlik növbəti Ramazan ayına qədər davam edərsə, hər gün üçün 750 qram buğda və yaxud çörək fidyə verməsi kifayətdir və qəzanı yerinə yetirməsi vacib deyil.

Sual: Bu il Ramazan ayında oruc tutan şəxs xəstəlik üzündən səkkiz gün orucunu pozmaq məcburuyyəti qarşısında qalıb. Ramazan ayının sonrakı günlərini çətinliklədə olsa tutaraq ayı tamamlayıb. Hal-hazırda həmin günlərin qəzasını yerinə yetirə bilmir. Belə olan halda, hər gün üçün fidyə verməsi caizdirmi, yoxsa qəzanı yerinə yetirməsi vacibdir?

Cavab: Əgər oruc tutmaq ona zərər yetirərsə, yaxud onun üçün dözülməz sıxıntıya səbəb olarsa və bu hal növbəti Ramazan ayına qədər davam edərsə, qəza üzərindən götürülər və fidyə verməsi vacibdir. Hər gün üçün 750 qram miqdarında çörək, un, düyü, xurma və bu kimi ərzaq məhsullarından verməsi kifayətdir. Oruc tutmağın ona zərər yetirdiyi günlərdə tutduğu oruc düzgün deyildir. Lakin çətin olsa da, zərər yetirmədiyi halda tutduğu oruc – baxmayaraq ki, ona vacib deyildi – düzgündür.

Sual: Seyid cənabları (Allah Sizi qorusun!), mən məmuram və miqren ağrılarından əziyyət çəkirəm. İsti vaxtlarda oruc tutarkən, güclü ağrıkəsicilərdən istifadə etməyimə baxmayaraq, ağrılarım dözülməz həddə qədər artır. Mən isti vaxtlarda deyil, həmin günlərin əvəzinə başqa günlərdə oruc tuta bilərəmmi?

Cavab: Oruc tutmaqla zərərə düşən, yaxud sağalma prosesi gecikən və ya ağrıları artan xəstənin orucu düzgün deyil. Bütün bunlar normal və dözüləcək həddə olmalıdır. Bu məsələdə ya yəqin, ya zənn, ya da ağıl sahiblərinin nəzərində qorxuya səbəb olacaq ehtimal arasında fərq yoxdur. Eyni zamanda (oruc tutmaqla) xəstə olacağını bilən, yaxud bundan qorxan şəxsin orucu düzgün deyil. Amma oruc tutmaqla zərərə düşməyən xəstəyə oruc tutmaq vacibdir və orucu düzgündür. Əgər xəstəlik növbəti Ramazan ayına qədər davam edərsə, hər gün üçün bir yoxsula 750 qram miqdarında buğda və yaxud çörək kimi ərzaq məhsullarından verməsi kifayət edər və qəza etməsi vacib deyildir.

Sual: Çənbər bağırsağı yarasından əziyyət çəkən qadının orucunun hökmü nədir?

Cavab: Oruc tutmaqla zərərə düşən, yaxud sağalma prosesi gecikən və ya ağrıları artan xəstənin orucu düzgün deyil. Bütün bunlar normal və dözüləcək həddə olmalıdır. Bu məsələdə ya yəqin, ya zənn, ya da ağıl sahiblərinin nəzərində qorxuya səbəb olacaq ehtimal arasında fərq yoxdur. Eyni zamanda (oruc tutmaqla) xəstə olacağını bilən, yaxud bundan qorxan şəxsin orucu düzgün deyil. Sağaldıqdan sonra fidyə verməsi deyil, qəzanı yerinə yetirməsi vacibdir. Bəli, xəstəlik növbəti Ramazan ayına qədər davam edərsə, qəza etmək üzərindən götürülər və hər gün üçün 750 qram buğda, yaxud çörək fidyə verərsə, kifayət edər.

Amma oruc tutmaqla zərərə düşməyən xəstəyə oruc tutmaq vacibdir və orucu düzgündür.

Sual: Şəkər xəstəliyindən əziyyət çəkən şəxsin Ramazan ayının orucunu tutması ilə bağlı hökmü nədir?

Cavab: Zərərə düşmək qorxusu olarsa, oruc tutmaq vacib deyildir. Növbəti Ramazan ayına qədər qəzanı yerinə yetirmək mümkün olarsa, qəza edilər. Əks təqdirdə, hər gün üçün kiloqramın dörddə üç (750 qram) miqdarında yemək fidyə verilməlidir.

Sual: Mən babasildən əziyyət çəkirəm. Az su içməyim halımı daha da pisləşdirir. Oruc əsnasında halımın daha da pisləşməməsi üçün yalnız az miqdarda su içməyim caizdirmi?

Cavab: Oruc tutduğu üçün xəstəliyi daha da artan şəxsin orucunu pozması, caizdir.

Sual: Xəstə şəxsə nə zaman orucunu pozması caizdir?

Cavab: Aşağıdakı hallarda, xəstə şəxsin orucunu pozması caizdir;

1. Əgər oruc tutmaq şəxsin xəstələnməsinə səbəb olarsa; istər bu xəstəliyin qızdırma və baş ağrıları kimi əlamətləri olsun, istər də olmasın.

2. Oruc tutmaq xəstəliyin şiddətlənməsinə səbəb olarsa.

3. Oruc tutmaq sağalmanın lənğıməsinə səbəb olarsa.

4. Oruc tutmaq onun başqa bir xəstəliyə tutulmasına, yaxud hazırki xəstəliyində hərarətin qalxması kimi əlamətlərin üzə çıxması və ya artmasına səbəb olarsa.