Ümrə və həcdə qadnlarla bağlı hökmlər

Sual: Ümrə və həcdə qadına aid hökmlər varmı?

Cavab: Ümrə və həcdə kişi ilə qadının əməllərinin çoxu müştərəkdir. Lakin aşağıda qeyd olunan hökmlər, yalnız qadına aiddir:

1. Qadının  heyz, yaxud nifas halı onun təvaf etməsi və təvaf namazını qılması üçün maneə sayılır. Amma bu iki hal, Miqatda ehram bağlamaq, Ərəfatla Müzdəlifədə dayanmaq, Səfa və Mərvə arasında səy etmək, Minanın əməllərini icra etmək kimi ümrə və həccin bir çox əməllərini yerinə yetirməsi üçün maneə hesab olunmur.

2. Mührim (ehram geyinmiş) qadın üçün, əlcəkdən başqa, tikili paltar geyinməsi mütləq şəkildə icazəlidir. Amma əksinə, bu iş kişi üçün icazəli deyil. Məhz buna görə qadın, adi paltarını ehram olaraq geyinə bilər, lakin ehtiyata əsasən, həmin paltar xalis ipəkdən olmamalıdır.

3. Mührim qadının, ayağının üzərini tamamilə örtən corab və bu kimi şeyləri geyinməsi, icazəlidir. Amma əksinə, bu iş kişi üçün icazəli deyil.

4. Mührim qadına zinət əşyası taxmaq haramdır. Lakin ehram geyinməmişdən əvvəl adəti üzrə taxdığı zinət əşyaları istisnadır. Əgər qadın zinət əşyası ilə bəzənərsə, haram etmiş olsa belə, ona kəffarə vacib olmaz. Çünki bəzənməyin kəffarəsi yoxdur.

5. Mührim qadının üzünü rübənd və niqab kimi örtüklərlə örtməsi, icazəli deyil. O, vacib ehtiyata əsasən, heç bir örtüklə üzünü örtməməlidir. Hətta, dəsmalla qurulanmaq üçün olsa belə, vacib ehtiyata əsasən, üzün bir hissəsi örtülməməlidir. Üz dedikdə, dəstəmaz alarkən yuyulması vacib olan orta barmaqla baş barmağın əhatə etdiyi yer nəzərdə tutulur. Namazda saçı örtmək üçün üzün bir miqdarını örtmək icazəlidir, amma vacib ehtiyata əsasən, namazdan sonra örtük qaldırılmalıdır. Bu, başının üzərindəkini üzünə sallamaqla örtməsi mümkün olmayan haldadır. Həmçinin onun əba kimi örtüyü başına atmaqla naməhrəm kişidən örtünməsi, icazəlidir. Lakin naməhrəm kişi olmadığı təqdirdə, dərhal həmin örtüyü qaldırmalıdır. Üzü örtməyin əsla, kəffarəsi yoxdur.

6. Mührim qadının miqnə (yaşmaqlı baş örtüyü) geyinməsi, vacib ehtiyata əsasən, icazəli deyil. Çünki miqnə həm alının, həm üzün, həm də çənənin bir hissəsini örtür.

7. Mührim qadınların toz və zərərli qazların qarşısını alması üçün ağızlıq taxmaları ehtiyata əsasən, mütləq şəkildə, icazəli deyil. Çünki ehtiyata əsasən, mührim qadınların nə üzlərini bütünlüklə, nə də bir hissəsini örtmələri, icazəli deyil.

8. Soyuqdəymə zamanı burunu dəsmalla təmizləmək, qadına haram edilmiş örtünmə sayılmır.

9. Mührim qadına yatarkən - əgər bunu istəyərsə - üzünü örtməsi, icazəlidir. Buna görə ona bir şey vacib olmaz.

10. Qadınlar üçün kölgələnmək mütləq şəkildə icazəlidir. Amma bu, kişilərə - zərurət halı istisna olmaqla – haramdır.

11. Əgər qadın “ümreyi-təməttö”-də ya ehram halında, ya ehram bağlamamışdan əvvəl, ya da ehram bağladıqdan sonra heyz olarsa və Məkkəyə çatıb vaxtı da geniş olsa, (heyzdən) paklanana qədər gözləməlidir. O, paklandıqdan sonra təvaf, təvaf namazı, səy və təqsiri etməlidir. Daha sonra digər hacılar kimi həcc üçün ehram bağlamalıdır.

12. Əgər qadın “ümreyi-təməttö”-də ya ehram bağlamamışdan əvvəl, ya da ehram halında heyz olarsa və ümrəni yerinə yetirib həcc üçün ehram bağlamağa da vaxtı olmasa, bu zaman onun həcci “ifrad həcci”-nə çevrilər. Belə ki, həccin əməllərini icra etdikdən sonra ona - əgər bacarsa – “ümreyi müfrədə”-ni yerinə yetirmək vacib olar. Bu, ona vacib olmuş “Həccətül-İslamı” əvəz edir.

13. Əgər qadın ehram bağladıqdan sonra heyz olarsa, bu zaman ümrəsində qalması, icazəlidir. Belə ki, ümrənin təvaf və təvaf namazından başqa digər əməllərini yerinə yetirər; Səfa və Mərvə arasında səy və təqsir edər. Sonra həcc üçün ehram bağlayar. Minanın əməllərini tamamladıqdan sonra Məkkəyə qayıdıb həccin təvaf və təvaf namazını icra etməmişdən əvvəl, ümrənin təvaf və təvaf namazının qəzasını yerinə yetirər.

14. Əgər qadın heyz halında qalacağına və hətta Minadan qayıtdıqdan sonra da təvaf və təvaf namazını icra edə bilməyəcəyinə əmin olarsa, təvaf və təvaf namazını onun əvəzindən yerinə yetirməsi üçün naib tutar. Naib onun əvəzindən təvaf və təvaf namazını yerinə yetirdikdən sonra özü səy edər.

15. Əgər qadın heyz, yaxud nifas halı ilə üzləşib həccin təvaf və təvaf namazını, Minadan qayıtdıqdan sonra isə nisa təvafı və nisa təvafının namzını icra edə bilməyəcəyindən qorxarsa, Ərəfata getməmişdən əvvəl həcc üçün ehram bağladıqdan sonra hər iki təvafı və onların namazını, həmçinin səyi yerinə yetirə bilər.

16. Vacib ehtiyata əsasən, az və orta istihazəsi olan qadın təvaf və təvaf namazının hər biri üçün dəstəmaz almalıdır. Amma çox istihazəsi olan qadında qanın pambığa keçməsinin ardı kəsilməsə, o, təvaf və təvaf namazını yerinə yetirməsi üçün bir qüsl alarsa, kifayət edər. Əgər qan kəsilərsə, vacib ehtiyata əsasən, təvaf namazı üçün qüslü təzələməlidir. Lakin təvafdan sonra qan pambığa keçməsə, təvaf namazını yenidən qüsl almadan qıla bilər.

17. Qüslü təzələmək, yaxud dəstəmaz almaq məcburiyyətində olan istihazəli qadın üçün təvaf ilə təvaf namazı arasında (qüsl etmək, yaxud dəstəmaz almaq miqdarında) uzun olmayan fasilə verməsi, bağışlanan haldır. Amma qüsl etdikdən, yaxud dəstəmaz aldıqdan sonra təvaf və ya təvaf namazının arasında uzun fasilə verərsə, təfav etməmişdən, yaxud təvaf namazını qılmamışdan əvvəl məsciddə, ya da onun yaxınlığında təyəmmüm etməlidir. Təyəmmümü isə yuxarıda qeyd olunduğu kimi, vəzifəsinin fərqliliyinə uyğun olaraq ya qüsl, ya da dəstəmaz əvəzi almalıdır.

18. Həcc ərəfəsində qadının - əgər istəsə - heyzin qarşısını alan həbləri qəbul etməsi, icazəlidir.

19. Qadın həcc və ümrə günlərində heyzin qarşısını almaq üçün həb qəbul edərsə və onun adət günlərində kəsilə-kəsilə gələn qanının hökmü heyz deyil, istihazədir.

20. Səfa və Mərvə arasında yüyürməyin müstəhəb olması qadlnlara deyil, kişilərə aiddir.

21. Qadın ehramdan çıxması üçün saçını həlq (dibindən qırxmaq) deyil, təqsir (qısaltmaq) etməlidir.

22. Qadın bayram axşamı Müzdəlifədə müəyyən olunmuş vaxtın hamısını dayana bilsə də, “dayanmaq” deyiləcək miqdarla kifayətlənə bilər. Həmçinin onun gündüz heç bir çətinlik olmadan daş atmağa imkanı olsa da, bayram axşamı “Əqəbeyi-Cəmərə”-ni daşlaması, icazəlidir.