Sosilal şəbəkələrdə söhbət etmək

Allahın adı ilə

Ali məqamlı mərceyi-təqlid Ayətullah uzma Seyid Əli Hüseyni Sistani cənablarının dəftərxanasına.

Əssəlamu əleykum və rəhmətullah.

Son zamanlarda ümumiyyətlə dünyada mövcud olan texnoloji inkişaf, xüsusilə də, İraqda sosial şəbəkələrdən geniş istifadə olunduğunu nəzərə alaraq Sizdən möminlərin əmiri imam Əli (ə)-ın ardıcıllarından olan ailələrin də qarşılaşdıqları bəzi məsələlər barəsində sual soruşmaq istəyirik. Allah Sizi İslam və müsəlmanların yenilməz qotuyucusu qərar versin.

Suallar aşağıdakılardan ibarətdir:

1. Qadının ər və ya atanın xəbəri olmadan hər hansı bir şəxslə yazışması icazəlidirmi? Həmçinin oğlanların belə etmələri – onlar da qadınlarla yazışırlar – icazəlidirmi?

2. Həyat yoldaşının, bacının, qız və oğlan uşaqlarının yazışmalarından xəbərdar olmaq istədikdə belə deyirlər: “Bunun sənə aidiyyatı yoxdur. Sənin bu yazışmalardan xəbərdar olmağa hüququn yoxdur. Çünki bu, azadlığa ziddir”. Bu doğrudurmu?

3. Ər həyat yoldaşını, ata övladlarını yad insanlarla əlaqə saxladıqları təqdirdə, xüsusilə də, bu əlaqə gizli və qeyri-şəri əlaqə olduğu üçün şübhəyə əsas verərsə, sorğu-sual etməyə haqqı çatırmı? Bir sözlə bu kimi hallarda ərin həyat yoldaşı, atanını övladları qarşısında vəzifəsi nədir?

Səmava şəhərindən bir qrup mömin.

Cavab:

Allahın adı ilə.

Qadının (məhrəm olmayan) kişi ilə yazı və ya səsli ismarıc vasitəsi ilə əlaqə saxlaması birbaşa danışmaları zamanı haram olan hallarda olduğu kimi icazəli deyil. Qadının ər və ya atasının şübhəsinə səbəb olacaq üslubda davranması icazəli deyil. Hətta bir çox hallarda belə davranış haramdır. Necə ki, qadının davranışı ərdə haqlı şübhə yaradarsa və əri qarşısında daşıdığı məsuliyyətə xələl gətirərsə, yaxud qız övladının davranışı ona qarşı şəfqətli olan ataya əziyyət verərsə, həmçinin, oğlan uşağının ataya qarşı davranışları belə olarsa, haramdır. Əgər (belə davranışlar nəticəsində yaranan) şübhənin aradan qalxması onların yazışmalarının məzmunundan agah olmaqdan asılı olarsa, başqa bir problem yaranmayacağı təqdirdə, bunu etmək vacibdir. Ümumiyyətlə ər zövcəsinin və ata öz övladlarının məsuliyyətini daşıyır. Allah-təala belə buyurur: “Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar (daşdan düzəlmiş bütlər), xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir)”. (Təhrim surəsi, ayə 6). 

Allahın əmr etdiyi bu vəzifənin yerinə yetirilməsində həyat yoldaşı və övladlar onlara yardım etməlidirlər. Əgər onlar bu davranışlarına son qoymasalar ər və ata şəriət qaydaları əsasında yaxşı işlərə dəvət və pis əməllərdən çəkindirmək vəzifəsini yerinə yetirməlidirlər. Allah (günahlardan) qoruyandır!

Seyid Sistaninin Nəcəf şəhərindəki dəftərxanası.

14 səfər 1435 h.