Sanitar qovşağı (ayaq yolu) məsələləri

Sual: Qərb ölkələrində ayaq yolu xüsusi qaydalara əsasən tikilir. Həmin qaydalarda müsəlman ölkələrində olduğu kimi qiblənin yerləşmə istiqaməti nəzərə alınmır. Qiblənin istiqamətini bilmədiyimiz halda həmin ayaqyolulardan istifadə edə bilərikmi? Əgər ayaqyolunun qiblə istiqamətinə tikildiyini bilsək, sonradan istifadə etmək icazəlidirmi? Əgər bu da icazəli deyilsə nə etməliyik?

Cavab: Birinci hala gəlincə; vacib ehtiyata əsasən, yalnız qiblə istiqamətini təyin etməkdə ümidsiz olarsa və gözləmək mümkün olmasa, yaxud gözləmək həddən artıq çətin və ya zərərli olarsa,  icazəlidir. İkinci halda isə, vacib ehtiyata əsasən, istifadə edərkən üzü və ya arxası qiblə istiqamətində olmaqdan çəkinmək lazımdır. Məcbur qaldıqda isə ehtiyata əsasən, arxa tərəfin qibləyə olmasını seçsin.

Sual: Mədinətul-münəvvərə şəhərində yerləşən “İki qiblə” məscidinin sahəsini genişləndirərkən alt qatı bütövlükdə sanitar qovşağı etmişlər. Məscid hamin alt qatın üzərində yerləşir. Oradakı ayaqyolulardan istifadə etməyin hökmü nədir?

Cavab: Əgər ayaqyolular əvvəlcədən məscidə məxsus olan torpağının üzərində inşa olunmuş alt qatda yerləşirsə, oradan istifadə etmək icazəli deyil. 

Sual: Ayaqyolunun hansı istiqamətə tərəf olduğu bilinmədiyi halda ondan istifadə etmək olarmı?

Cavab: Vacib ehtiyata əsasən, yalnız qiblə istiqamətini təyin etməkdə ümidsizlik olduqda və gözləmək mümkün olmadığı halda, yaxud gözləmək həddən artıq çətin və ya zərərli olarsa,  icazəlidir. Qiblənin istiqamətini bildikdə isə vacib ehtiyata əsasən, üzü və ya arxası qiblə istiqamətində olmaqdan çəkinmək lazımdır. Məcbur qaldıqda isə ehtiyata əsasən, arxa tərəfin qibləyə olmasını seçsin.

Sual: Evimizdə kiçik bir ayaqyolu var. Onu təqribən qiblə istiqamətinə tikiblər. Söküb dağıtmadan onun yerini dəyişmək mümkün deyil. Uzun illər onun qiblə istiqamətinə olduğunu atamdan başqa heç kim bilməyib. Atam isə bu barədə bizə heç nə deməyib və mən də bu barədə heç bir araşdırma aparmamışam. Uzun illər oradan istifadə etmişik. Bunun hökmü nədir?

Cavab: Vacib ehtiyata əsasən, ayaqyolunda olarkən üzü və arxası qibləyə olmamaq lazımdır. Həmçinin üzü və arxası qiblə istiqamətinə tərəf olmasa da, sidik və nəcisin qibləyə tərəf olması icazəli deyil. Əgər ikisindən birinə (yəni üzü və ya arxası qibləyə tərəf olmaqda) məcbur olarsa, vacib ehtiyata əsasən, arxası qibləyə tərəf olmağı seçsin.

Ayaqyolu qiblə istiqamətinə tərəf tikilsə də, orada oturarkən üzü və arxası qibləyə olmamaq yetərlidir. Əvvəlki illərə gəlincə, şəriət hökmlərini öyrənməkdə səhlənkarlıq olmayıbsa, sizin öhdənizdə heç bir şey yoxdur. Əks təqdirdə, istiğfar (Allahdan bağışlanmaq diləmək) və tövbə etmək yetərlidir.