Ruhun cinsi varmı?

Sual: Hörmətli seyidimiz Sistani həzrətləri! Adətən Sizə şəri suallar ünvanlanır. Zəhmət olmazsa tələbənin bir etiqadi sualına geniş cavab yazardınız:

Ruhun cinsi varmı? Yəni bədənimizin (cismimizin) qadın-kişilik cinsi olduğu kimi ruhun da cinsi varmı? Çünki məlumdur ki, cinsin olması bu dünyaya aid olan məsələdir. Ariflərin birindən eşitdim buyurdu ki: "Ruhun cinsi yoxdur". Əgər doğrudan da ruhun cinsi yoxdursa, Quranda və hədislərdə barəsində danışılan "Huri" və "Qılman"dan məqsəd nədir?

Cavab: Cinsiyyətin kişi-qadın olması, insanın orqanizminə aid cismani bir məsələdir. Cismin eni, uzunluğu və digər ölçüləri var. Ruh isə, mücərrəd  olduğuna görə, onun üçün kişi-qadın cinsləri təsəvvür olunmur. Bu, irfani cəhətə görə deyil, ruhun mahiyyət və həqiqəti ilə bağlıdır. Əlbəttə, ruh mümkündür ki, kişi bədənində qərar tutaraq kişi sayılsın və mümkündür ki, qadın bədənində qərar tutaraq qadın sayılsın. Məlum məsələdir ki, kişi cinsində qərar tutan ruh, qadın cinsində qərar tutan ruhdan fərqli olacaq. Bu mənada ki, qadının ruhu, daha həssas, daha lətif və daha mehriban olacaq. “Huri” və “Qılman” isə təkcə ruh deyil, lətif bir cismə bürünmüş və şəffaf varlıqlardır. Ona görə də onlar üçün kişi-qadın cinsi təsəvvür olunur.