Öyüd-nəsihətin savabı

Sual: Bir şəxs müsəlman qardaşına öyüd-nəsihət verməkdən hansı əcr və savabı qazanır?

Cavab: Öyüd-nəsihət, yaxud mömin qardaşlar üçün Allahın nemətinin qalıcı olmasını istəmə, onlara bir pisliyin yetməsinə ikrah bəsləmə və onları xoşbəxtliklərinə, xeyir və mənfəətlərinə sarı yönəltməyə səy etmə izzət və cəlalət sahibi olan Allahın sevdiyi əməllərdəndir. Öyüd-nəsihətə və ona təşviq etməyə dair nəql olunan hədis və rəvayətlərin sayı hesaba gəlməyəcək dərəcədə çoxdur. Bunlardan biri Rəsulullahın (s) söylədiyi hədisdir: “Şübhə yoxdur ki, Qiyamət günü Allah yanında mövqeyi ən əzəmətli olan insan Yer üzərində Onun yaratdıqlarına ən çox öyüd-nəsihət edəndir.” İmam Məhəmməd Baqirin (ə) belə buyurduğu rəvayət olunur: “Rəsulullah (s) demişdir ki, sizlərdən hər biri (din) qardaşına özünə öyüd-nəsihət verdiyi kimi tövsiyələr etsin!” İmam Sadiq (ə) demişdir: “Bir mömin digər möminə, həm görüşdüklərində, həm də üzləşmədiklərində öyüd-nəsihət verməlidir.” O (ə), buyurmuşdur: “Allaha xatir yaratdıqlarına öyüd-nəsihət etməyin gərəkir. Sən Onun qarşısına bundan (tövsiyədən, öyüd-nəsihətdən) daha üstün bir əməl ilə çıxmayacaqsan.”