Orucun kəffarəsi

Sual: Ramazan ayının qəzasını tutan şəxs, zöhrdən sonra orucunu pozarsa, vəzifəsi nədir?

Cavab: On fəqirə bir mud (təqribən 750 qr) yemək verməlidir. Əgər buna imkanı olmasa, üç gün oruc tutmalıdır.

Sual: Əgər bir qadın oruc tutmuş ərini cinsi əlaqəyə təhrik edərsə, ərinin kəffarəsi ona vacib olarmı?

Cavab: Ərinin kəffarəsi ona vacib olmaz.

Sual: Oruc tutan şəxs, gəyirmək vasitəsilə ağzına gələn bir şeyi qəsdən udarsa, orucu batil olarmı?

Cavab: Vacib ehtiyata əsasən, orucu batil olur və ona həm qəza, həm də kəffarə vacib olur. Lakin gəyirərkən, ağzına qan və yaxud yeyilə bilcək haldan çıxmış bir şey gələrsə və onu qəsdən udarsa, daha yaxşı olar ki, cəm kəffarəsi versin.

Sual: İnsan Ramazan ayının eyni günündə bir neçə dəfə yeyib, içib, cinsi əlaqəyə girib və yaxud istimna edibsə, necə kəffarə verməlidir?

Cavab: Hamısı üçün bir kəffarə vermək kifayətdir.

Sual: Ardıcıl kəffarə orucu tutan şəxs, heyz, nifas və məcburən səfərə çıxmaq üzrünə görə orucunu yarıda qoyarsa, kəffarə orucuna yenidən başlamalıdırmı?

Cavab: Yenidən başlaması lazım deyildir. Bu şəxs, üzrü aradan gedəndən sonra, orucuna qaldığı yerdən davam edər.

Sual: Ardıcıl kəffarə orucu tutan şəxs, üzürsüz olaraq bir gün oruc tutmasa, vəzifəsi nədir?

Cavab: Kəffarə orucuna yenidən başlamalıdır.

Sual: Ramazan ayının kəffarəsini iki ay oruc tutmaqla yerinə yetirmək istəyən şəxsin, ardıcıl tutacağı günlərin içərisində Qurban bayramı və başqa günlər olarsa, kəffarə orucu düzgündürmü?

Cavab: Ramazan ayının kəffarəsini iki ay oruc tutmaqla yerinə yetirmək istəyən şəxsin, ardıcıl oruc tutacağı günlərinin içərisində Qurban bayramı kimi oruc tutulması haram və yaxud vacib olan bir gün olmamalıdır. Əks təqdirdə, kəffarə orucuna başlaya bilməz.

Sual: Ramazan ayının kəffarəsini iki ay oruc tutmaqla yerinə eytirmək istəyən şəxs, həmin orucu necə tutmalıdır?

Cavab: Bir ay tamamılə və o biri aydan bir gün ardıcıl olaraq tutmalıdır; amma yerdə qalan digər günlərin ardıcıl olmamasının maneəsi yoxdur.

Sual: Ramazan ayının kəffarəsi ona vacib olmuş şəxsin vəzifəsi nədir?

Cavab: Bir qul azad etməli və yaxud iki ay oruc tutmalı və ya altmış fəqiri doyacaq miqdarda yedirməli, yaxud onların hər birinə bir mud (təqribən 750 qr) miqdarında buğda, arpa, çörək və buna oxşar ərzaq məhsulu verməlidir.

Sual: Ramazan orucunun kəffarəsi vacib olmuş şəxsin, yuxarıda qeyd olunanların heç birini yerinə yetirəcək imkanı olmasa, nə etməlidir?

Cavab: Yuxarıda qeyd olunanların heç birini yerinə yetirmək imkanı olmayan şəxs, gücü çatdığı miqdarda sədəqə verməlidir. Buna da imkanı olmasa, istiğfar etməlidir. (“Əstəğfirullahə Rəbbi və ətubu ileyh”- deyərək, Allah təladan bağışlanmaq diləməlidir). Amma vacib ehtiyata əsasən, sonradan kəffarə vermək imkanı olarsa, kəffarəni yerinə yetirməlidir.