Orucu batil edən əməllər: yemək və içmək

Məsələ 1: Əgər oruc tutan şəxs oruc tutduğunu bildiyi halda, qəsdən bir şey yesə ya içsə, orucu batil olar; istər çörək və su kimi yeyilib-içilməsi adi olsun, istərsə də torpaq və ağac şirəsi kimi yeyilməsi adi olmasın, istər az, istərsə də çox olsun. Hətta əgər diş fırçasını ağzından çıxarıb yenə ağzına salsa və onun rütubətini udsa, orucu batil olar. Amma fırçanın rütubəti “xarici rütubətdir”-deyilməyəcək şəkildə ağızın suyunda aradan gedərsə, onu udmağın eybi yoxdur.

Məsələ 2: Yemək yeyərkən sübh olduğunu bilsə, ağzından tikəni çıxarmalıdır. Əgər bilərəkdən udsa, orucu batildir və sonradan deyiləcək göstərişə əsasən, kəffarə də vacib olar.

Məsələ 3: Əgər oruc tutan şəxs bir şeyi səhvən yesə və ya içsə, orucu batil olmaz.

Məsələ 4: İynə və sistem – iynə bədəni gücləndirmək (qida) üçün yaxud sistem şəkərli-duzlu olsa belə - orucu batil etmir. Həmçinin təngənəfəslik (astma) üçün istifadə olunan dərman da eyni hökmü daşıyır. Əgər dərmanın təkcə ağ ciyərə daxil etsə, orucu batil etməz. Eləcə də gözə və ya qulağa dərman tökmək, hətta dadı boğaza çatsa belə, orucu batil etməz. Əgər dərmanı buruna töksə və dərman boğaza çatmasa orucu batil etmir.

Məsələ 5: Əgər oruc tutan şəxs, dişinin arasında qalan bir şeyi bilərəkdən udarsa, orucu batil olar.

Məsələ 6: Oruc tutmaq istəyən şəxsə azandan əvvəl dişlərini təmizləmək lazım deyildir. Amma dişlərinin arasında qalan yemək qırıntısının gündüz boğazına gedəcəyini bilərsə, onu təmizləməlidir.

Məsələ 7: Agız suyunu udmaq, turş və buna bənzər şeyi fikirləşməklə ağzına yığılan suyu udmaq orucu batil etmir.

Məsələ 8: Sinə və başdan gələn bəlğəmi, ağız boşluğuna çatmamış udmağın eybi yoxdur. Amma ağız boşluğuna çatsa, müstəhəb ehtiyata əsasən, onu udmasın.

Məsələ 9: Əgər oruc tutan şəxs susasa və su içmədiyi təqdirdə, öləcəyindən yaxud ona bir zərər toxunacağından ya da dözülməz bir çətinliyə düşəcəyindən qorxsa, bu işlərin qorxusunu aradan aparacaq qədər su içə bilər. Hətta ölüm və bu kimi qorxulu hallarda içməsi vacibdir və bu zaman onun orucu batil olur. Əgər Ramazan ayıdırsa, lazım ehtiyata əsasən, ondan artıq su içməməli və günün qalanında orucu batil edən əməllərdən çəkinməlidir.

Məsələ 10: Adətən, yeməyin boğaza yetişməsinə səbəb olmayan uşaq və quş üçün yeyintini çeynəmək və ya yeməyin dadına baxmaq, təsadüfən boğaza yetişsə belə, orucu batil etməz. Amma insan əvvəlcədən yeməyin boğaza çatacağını bilsə, orucu batil olar və onun qəzasını tutmalı və həmçinin ona kəffarə də vacibdir.

Məsələ 11: İnsan zəifliyi üzündən orucunu yeyə bilməz. Amma onun zəifliyi adətən dözülməsi mümkün olmayacaq dərəcədədirsə, orucunu yeməsinin eybi yoxdur.