Kitab əhli

Sual: Qaraçılar kitab əhlindən hesab olunurlarmı?

Cavab: Onlar kitab əhlindən hesab olunmurlar.

Sual: Müsəlman şəxsin evində xristian qadının xadimə işləməsinin hökmü nədir? Onun yuduğu paltarları geyinmək və ya bişirdiyi xörəkləri yemək icazəlidirmi?

Cavab: Kitab əhli pak hökmündədir.

Sual: Kitab əhlindən olan şəxsin evində namaz qılmaq icazəlidirmi?

Cavab: İcazəlidir.

Sual: Əgər bir restoranda (aşpaz) işləyən şəxsin dini mənsubiyyəti məlum deyilsə, sadəcə onun kitab əhli olmadığı güman edilirsə, (orada yemək yeməyin) hökmü nədir?

Cavab: Həmin şəxsin kitab əhlindən olmayan kafir biri olmasına və hazırladığı qidaya toxunmasına yəqinlik və əminlik yoxdursa, hazırladığı qida murdar hökmü daşımaz. Lakin orada ət xörəkləri yeyilməməlidir. Yalnız həmin ətin şəriət qaydası ilə kəsilməsinə, hətta restoranın sahibinin müsəlman olmasına görə ehtimal olunsa belə, əminlik yaranarsa icazəlidir.

Sual: Kitab əhli ilə əl tutaraq salamlaşmaq icazəlidirmi?

Cavab: Onlarla əl tutuşmaq icazəlidir.

Sual: İnsan bir çox hallarda kitab əhli ilə qarşılaşır. Mən seyid Xoyinin (Allah ona rəhmət eləsin) təqlidində qalmışam. Belə halda nə etməliyəm?

Cavab: Mərhum seyid Xoyi (Allah-təala ona rəhmət eləsin) kitab əhlinin pak olması məsələsində ehtiyat edirdi. Bu məsələdə onların pak olmasına fətva verən cənab Seyidə təqlid edə bilərsiniz.

Sual: Kitab əhlinin təri və rütubəti pakdırmı?

Cavab: Bəli, pakdır.

Sual: Kitab əhli və ya qeyrilərindən olan kafiri məscidə daxil etmək icazəlidirmi?

Cavab: Kitab əhli olmayan kafiri, hətta ehtiyata əsasən kitab əhli olanı belə, məscidə daxil etmək icazəli deyil.

Sual: Kilsəyə daxil olmaq icazəlidirmi?

Cavab: Bunu heç bir maneəsi yoxdur.

Sual: Öz ölkələrində (küfr diyarında) yaşayan kitab əhlindən olan qadınları kəniz hesab etmək olarmı?

Cavab: Onlar kəniz deyil.

Sual: Kitab əhlinin öz şəriətlərinə və ürflərinə müvafiq olaraq bir-biri ilə izdivacı və boşanması (İslam şəriətinə əsasən) etibarlı hesab edilirmi?

Cavab: Onların ürfündə etibarlı sayılan hər bir izdivac və boşanma bizim nəzərimizdə də öz hökmünü daşıyır.

Sual: Kitab əhlindən olan qadınla öz dininə etiqad bəsləməsinə davam etdiyi halda evlənmək icazəlidirmi? Belə bir izdivaca şahidlik edən iki şəxsin hər ikisinin müsəlman olması şərtdirmi?

Cavab: Vacib ehtiyata əsasən, onlarla daimi evlilik icazəli deyil. Ümumiyyətlə, evlilikdə şahidlərin olması şərt deyil.

Sual: Universitet tələbəsi, tacir, turist və ya bu qəbildən olan şəxslər Avropa kimi qeyri-müsəlman ölkələrinə səfər etdikdə gündəlik həyatın tələblərinə müvafiq olaraq kafedə, bərbərxanada, klinikaqda, ictimai məişət yerlərində, ümumiyyətlə, sadalanması qeyri-mümkün olan bir çox yerlərdə xristian və yəhudi əhali ilə sirayətedici rütubət vasitəsilə təmasda olurlar. Bu halda nə etmək olar?

Cavab: Onların bədəni kənardan bulaşmış nəcasətlə murdar olması məlum olmasa, pak hesab olunur.

Sual: Kitab əhlindən olan bütün insanlar pak hökmündədir?

Cavab: Kitab əhlindən olan yəhudilər, xristianlar və zərdüştlər (bədənlərinin kənardan bulaşmış nəcasətlə) murdar olmaları bilmirsənsə, pak hökmündədirlər. Onlarla birgə yaşayış və təmasda bu qaydaya əməl edə bilərsən.

Sual: Qərbdə yaşayan müsəlman şəxs bütün ləvazimatları ilə təmin olunmuş ev kirayə edir. Ondan əvvəl bu evdə yəhudi və ya xristianın yaşadığını bildiyi halda üzərində nəcasət əlamətlərinə rast gəlmədiyi hər bir əşyanı pak hesab edə bilərmi? Bəs bu evdə ondan əvvəl buddist və ya Allah-təalanı və peyğəmbərlərini inkar edən birinin yaşadığını bilərsə, nə etməlidir?

Cavab: Bəli, murdar olduğunu bilmədiyi və ya buna əmin olmadığı hər bir ev əşyasını pak hesab edə bilər. Murdarlığı güman etməyin isə heç bir əsası yoxdur.