İslam ölkələri

Sual: Bir ölkənin İslam ölkəsi və ya qeyri İslam ölkəsi, həmçinin, restoranın, balıq şirkətinin və ya ət məhsulları şirkətinin İslami və ya qeyri İslami olmasının meyarı nədir? Burada meyar müdirin və ya şirkət sahibinin müsəlman olmasıdır, yoxsa həmin ölkədə yaşayanların çoxunun və ya şirkətin işçilərinin əksətiyyətinin müsəlman olmasıdır?

Cavab: İslam ölkəsi sakinlərinin əksəriyyəti müsəlman olan ölkədir. Burada meyar şəhər və ya kənd əhalisinin müsəlman olmasıdır, dövlətin yox. Restoran və ya şirkətə gəlincə; meyar, orada satıcı olan şəxsin müsəlman olmasıdır. Həmin şəxs müdir və satıcı da ola bilər.

Sual: Əgər bir şəxin hazırkı vəziyyətinə nisbətdə iqtisadi çəhətdən müəyyən çətinliklə yanaşı bir müsəlman ölkəsində yaşamaq imkanı olduğu halda yaşadığı qərb ölkəsini tərk edib həmin İslam ölkəsində yaşaması vacibdirmi?

Cavab: Vacib deyil. Amma mühacirətdə yaşadığına görə dini etiqad məsələlərində naqislik yaranarsa, vacib olar.

Sual: Qeyri İslami ölkələrdə mühacirət həyatı yaşayan müsəlman şəxs İslam ölkələrinə nə vaxt geri qayıtmalıdır?

Cavab: Qeyri İslami ölkələrində mühacirət həyatı yaşayan müsəlman şəxs həmin ölkələrdə qalmaqla özünün və ya azyaşlı uşaqlarının inancında naqisliyin yaranacağını bilərsə, geri qayıtması vacibdir. İnancda naqislik dedikdə, vacibləri tərk etmək və ya haram əməlləri etmək nəzərdə tutulur. Bir şərtlə ki, geri dönüş onun ölümünə, məşəqqətə düşməsinə və ya təklifi aradan aparacaq zərurətə – məsələn, ölməmək üçün ölü heyvan ətinin yeyilməsini halal edən zərurət kimi – səbəb olmamalıdır.

Sual: Müsəlman şəxsin qeyri İslam ölkəsinə səfər etməsi hansı hallarada icazəli, hansı hallarda haramdır?

Cavab: Müsəlman şəxsin İslam dinini və hökmlərini təbliğ etmək məqsədi ilə səfər etməsi əgər özünün və azyaşlı uşaqlarının inancında naqislik yaranmayacağından əmin olduğu halda bəyənilən əməldir. Həzrət Muhəmməd (s) peyğəmbər imam Əli (ə) - a belə buyurmuşdur: “Allah-təala sənin əlinlə qullarından birini hidayət edərsə bu, sənin üçün məşriqdən məğribə kimi günəşin üzərinə işıq saçdığı hər şeydən daha xeyirlidir”. Həmçinin həzrət Peyğəmbər (s) “Mənə nəsihət et deyən” şəxsə: “Sənə Allah-təalaya şərik qoşmamağı tövsiyə edirəm. İnsanları İslama dəvət et. Bil ki, sənin dəvətini qəbul edən hər kəs üçün Yəqubun (ə) övladları mislində qul azad etməyin savabı verilər”.

Müsəlman şəxs özünün və onun tabeçiliyində olan şəxslərin inancına mənfi təsir etməyəcəyinə əmin olarsa, onun qeyri müsəlman ölkələrinə səfər etməsi icazəlidir. Həmçinin müsəlman şəxs hal-hazırda və ya gələcəkdə özünün və ailəsinin şəri vəzifələrinə əməl etmələrinə maneə olmayacağına əmin olarsa, onun hər hansı qeyri İslam ölkəsində məskunlaşması icazəlidir. Əgər müsəlman şəxsin qərbdə və ya şərqdə olan hər hansı qeyri İslam ölkəsinə səyahət, ticarət, təhsil, müvəqqəti və ya daimi yaşayış məqsədi ilə olsa da, səfər etməsi onun inanc məsələlərində naqislik yaranmasına səbəb olarsa, ora səfər etməsi haramdır.

Sual: Müsəlman ölkəsindən qeyri İslam ölkəsinə səfər etmək məcburiyyətində qalan şəxsin hökmü nədir?

Cavab: Əgər müsəlman şəxs inancında naqislik yaranacağına əmin olduğu halda zərurət onun qeyri İslam ölkəsinə hicrət etməsinə hökm edərsə, məsələn, ölümdən canını qurtarmaq və ya bu kimi əhəmiyyətli məsələlər üçün səfər edərsə, zərurətin aradan gedəcəyi miqdarda səfər edərək mühacirətdə qalması, icazəlidir.