İqrar (təsdiqləmək, etiraf etmək)

Sual: İqrarın mənası nədir?

Cavab: İqrar insanın öhdəsində olan haqqın sübutu vəya özünə aid bir haqqın inkarı barədə xəbər verməsidir. Həmin haqq  Allah-təalaya və ya insana da, aid ola bilər.

Sual: İqrar edərkən hər hansı xüsusi sözlərin deyilməsi lazımdırmı?

Cavab: İqrar edərkən hər hansı xüsusi söz demək əsas deyil. Ürfün nəzərində anlaşılan hər hansı bir sözlə ifadə olunarsa, yetərlidir. Hətta sözlə ifadə olunması əsas deyil, anlaşılan işarə ilə olsa da, kifayət edər.

Sual: İqrar edərkən əminlik şərtdirmi?

Cavab: İqrar edərkən əminlik şərtdir. Belə ki, onun dediyi söz şəkk və tərəddüd halında olmamalıdır. Əgər “belə güman edirəm ki, mən sənə filan miqdarda pul verməliyəm” deyərsə, iqrar hesab olunmaz.

Sual: İqrar edən şəxsin şərtləri hansılardır?

Cavab: İqrar edən şəxsdə həddi-buluğ, ağıl, məqsəd və ixtiyar şərtdir. Uşağın, dəlinin, sərxoşun, həmçinin zarafat edənin, qəflətdə olanın və məcbur edilənin iqrarı nəzərə alınmaz. Bəli, uşağın az dəyəri olan əşyaların alış-verişi kimi haqqı çatan məsələlərdə etdiyi iqrarın düzgün olması uzaq görüş deyil.

Sual:  Səfih ( şəriət baxımından israfa yol verdiyi və malını tələf etdiyi üçün öz mülkiyyətindən istifadə etməsinə qadağan qoyulmuş şəxs) insanın iqrarı nəzərə alınırmı?

Cavab: Öz öhdəsində və ya ixtiyarında hər hansı malın olmasını iqrar edərsə, qəbul olunmaz. Mal məsələlərindən başqa, talaq kimi məsələlərdə isə iqrarı qəbul olunur. Əgər oğurluq kimi mal ilə bağlı hər hansı bir məsələdə iqrar edərsə, onun iqrarı mala nisbətdə qəbul edilməz, lakin başqa məsələyə nisbətdə qəbul edilər.

Sual: Müflis şəxsin malına aid iqrarı nəzərə alınırmı?

Cavab: Mülkiyyət hüququndan istifadə etməsinə qadağa qoyulan müflis şəxsin malına aid iqrarı nəzərə alınmaz. Lakin evinə, evinin əşyalarına nisbətdə və bu kimi hallarda etdiyi iqrar qəbul edilər. Həmçinin əvvəlki və sonra olan borc barəsində etdiyi iqrar da qəbul olunur.