Əti halal və haram olan quşların hökmləri

Sual: Yeyilməsi halal olan quşlar hansılardır?

Cavab: Hər bir lələkli və yırtıcı olmayan quşun ətini yemək halaldır. Göyərçin və yaxalıqlı qurqur, qara quş, alabaxta (çöl göyərçini), turac, kəklik, Misir kəkliyi, boz kəklik, ördək, kronşnep (ala cüllüt), dovdaq quşu və durna kimi göyərçinkimilər fəsiləsinə aid olan quşların əti halaldır. Həmçinin toyuq və onun bütün növləri, sərçə və onun bülbül, sığırçın və torağay kimi növlərinin əti halaldır. Şanapipiyi, qaranquşu, yaşıl ağacdələni və sürfəquşunu öldürmək məkruh olsa da, ətləri halaldır. Dəvəquşu və tovuz quşunun əti, əqvaya əsasən (daha güclü rəyə əsasən), halaldır. Caynağı olan yırtıcı quşları yemək isə haramdır; istər həmin quşlar qırğı, qızılquş, qartal, şahin və çərkəz kimi quşları parçalayacaq qədər güclü, istərsə də quşcuğaz (kiçik yırtıcı quş) kimi quşları parçalaya bilməyəcək qədər zəif olsun. Eyni zamanda lazım ehtiyata əsasən, qarğanın və onun dolaşa kimi bütün növlərinin əti haramdır. Çəyirtkə istisna olmaqla yarasa, arı, taxtabiti və kəpənək kimi lələyi olmayan uçan həşəratları yemək, lazım ehtiyata əsasən, haramdır.

Sual: Yeyilməsi halal olan quşların əlamətləri hansılardır?

Cavab: Zahirən, uçarkən qanadlarını açıb süzməsi onu (qanadlarını) hərəkətə gətirməsindən çox olan quşlar, əti haram olan caynaqlı quşlardır. Bunun əksinə olaraq uçarkən qanad çalması süzməsindən çox olan quşlar isə, əti halal olanlardır. Beləliklə, əti haram olan quşlar digərlərindən uçuş tərzi ilə fərqlənir. Həmçinin uçuş tərzi bilinməyən quşlar çinədan, pətənək və mahmızla da digərlərindən seçilir. Belə ki, bu xüsusiyyətlərdən birinə sahib olan quşun ətini yemək halaldır. Quşun yediyi dən və bu kimi yemlər boğazda yerləşən çinədana, daş qırıntıları isə pətənəyə toplanır. Mahmız isə, quşların ayaqlarının arxasında olan sivri buynuz çıxıntısıdır.

Sual: Quş yumurtasını yemək halaldırmı?

Cavab: Quş yumurtasının halal və ya haramlığı aid  olduğu quşa bağlıdır. Belə ki, əti halal olan quşun yumurtasını yemək halal, əti haram olan quşun yumurtasını yemək isə, haramdır. Halal, yaxud haram olması bilinməyən yumurtaya gəlincə isə, hər iki tərəfi bərabər olan yumurta deyil, toyuq yumurtası kimi üst tərəfi alt tərəfindən fərqlənən yumurta yeyilər.

Sual: Əgər bir şəxs evində göyərçinlərin yuva salması və sonra da onları ovlaması üçün bürc düzəltsə və göyərçinlər də orada yuva salsa, həmin şəxsin göyərçinlərə sahib olması, icazəlidirmi?

Cavab: Əgər bir şəxs evində göyərçinlərin yuva salması və sonra da onları ovlaması üçün bürc düzəltsə, həmin şəxs göyərçinlərə sahib olmur. Amma göyərçinlər oranı həmişəlik tərk etmədikləri təqdirdə, o, göyərçinləri ovlamaqda başqalarına nisbətən daha haqlıdır. Belə ki, başqasının onun icazəsi olmadan həmin göyərçinləri götürməsi, yaxud ovlaması icazəli deyil. Əgər (başqası) bunu etsə belə, həmin göyərçinlərə sahib olmaz.

Sual: Dəvəquşu yumurtasını yeməyin hökmü nədir?

Cavab: İcazəlidir.