Çiləyici (sprey) və qidalandırıcı dərman preparatların oruca təsiri

Sual 1:

1) Tənəffüs prosesini asanlaşdıran pulverizatordan istifadə etmək orucu pozurmu?

2) Bədənə vena ilə ötürülən qidalandırıcı (maye), xəstə onu qəbul etməyə məcbur olduqda və ya olmadıqda, orucu pozurmu?

Cavab:

1) Əgər pulverizatorun çilədiyi maddə qida borusuna deyil, yalnız tənəffüs yoluna daxil olursa, orucu pozmur.

2) Hər iki halda orucu pozmur.

Sual 2: Astma preparatından istifadə etmək (hansı ki, ondan ağciyərlərin yoxlanması üçün narın toz kimi maddə çıxır) orucu pozurmu?

Cavab: Əgər ondan çıxan maddə qida borusuna deyil, yalnız nəfəs borusuna daxil olursa, orucun düzgünlüyünə xələl gətirməz.

Sual 3: Əldəki damardan zərdab (sistem) köçürmə yolu ilə qida verilən şəxsin orucunun hökmü nədir? Hansı ki, bu, qidalandırıcı kimi tanınır. Xəstəxanalarda geniş istifadə olunan bu qidalandırıcı orucu pozanlardan sayılırmı?

Cavab: Qidalandırıcı kimi tanınan maddənin vena ilə bədənə ötürülməsi orucun düzgünlüyünə heç bir xələl gətirmir.

Sual 4: Bəzi allergiya xəstələri (allergik astma olanlar) rahat nəfəs almalarına kömək edən, pulverizator (çiləyici) adlandırdığımız bir aparatdan istifadə edirlər. Bu aparatı ağızda sıxdıqda ondan sıxılmış qaza oxşar hava çıxır. Oruc ola-ola ondan istifadə etmək olarmı?

Cavab: Bəli, bu aparatdan istifadə edən şəxs oruc olaraq qalmağa davam edir və onun orucu düzgündür.

Sual 5: “Minhac” kitabınızda belə yazılmışdır: ”Dərman, eləcə də, qidalandırıcı maddə kimi, digər bu qəbil şeyləri iynə ilə əzələyə və ya venaya daxil etməyin eybi yoxdur” Sual isə belədir: Qidalandırıcı maddə bədən üçün yemək rolunu oynadıqda və aclıq hissini aradan apardıqda qeyd olunan hökm dəyişirmi?

Cavab: Dəyişmir.

Sual 6: Qidalandırıcı (sistem) və ya zərdab – içərisində su, şəkər və bəzi dərmanlar olan plastik kisədir. Onu həm xəstəliyə görə, həm də xəstəlik olmadan, qidalandırıcı kimi, iynə ilə birbaşa xəstənin qanına köçürürlər. Oruc tutan şəxsin ondan çəkinməsi vacibdirmi?

Cavab: Vacib deyil, amma çəkinsə, daha yaxşı olar.

Sual 7: Sualımız Ramazan ayında gündüz vaxtı (oruc olan əsnada) astma xəstələri üçün hazırlanmış buxarlandırma və burun allergiyası olan xəstələr üçün nəzərdə tutulmuş buruna fısqırtma preparatlarından istifadə etməklə bağlıdır. Bildirək ki, hər iki preparat su və müalicəvi maddədən ibarət olan narın toz kimi məhlulu ehtiva edir. Gün ərzində fısqırdıcı preparata ehtiyac duyduğu halda, ondan düzgün qaydada istifadə edə bilməyən şəxsin hökmü nədir, belə ki, düzgün istifadə edə bilməməsi nəticəsində həmin fısqırdılan məhlul onun qida borusuna da gedə bilər?

Cavab: Əgər onun bir hissəsinin boğaza (qida borusuna) getməsi qaçılmaz olsa, orucu pozar, lakin zərurət halında ondan istifadə etməsi caizdir və sonra da imkan olduqda həmin günün qəzasını tutmalıdır. Boğaza getməsi qaçılmaz olmadıqda, sadəcə, səhvən getdikdə isə, oruc düzgündür.

Sual 8: Oruc olan halda iynə vurdurmaq, qidalandırıcı zərdab (sistem) köçürmək, eləcə də qulağa və ya gözə damcı tökmək caizdirmi? Həmçinin, fısqırtma preparatlardan istifadə etməyin hökmü nədir?

Cavab: Dərman və qeyri maddələri iynə ilə əzələyə, yaxud venaya vurmaq, eləcə də qulağa və ya gözə dərman tökmək, hətta onun rəngi və ya dadı boğazda özünü büruzə versə belə, orucu batil etmir. Həmçinin, fısqırdılan maddənin qida borusuna deyil, yalnız tənəffüs yoluna getməsi şərtilə, tənəffüs prosesini asanlaşdıran fısqırtma preparatlardan istifadə etmək də orucu pozmur.

Sual 9: Mənim anam yaşlı bir qadındır və şükürlər olsun Allaha ki, oruc tutmağa taqəti var. Lakin onda astma xəstəliyi, yəni boğulma və nəfəs daralması (tənginəfəslik) olduğundan o, nəfəs yollarının genişlənməsi üçün günün müxtəlif saatlarında fısqırdıcı preparatdan istifadə etməyə ehtiyac duyur və bildiyiniz kimi, bu preparat özündə nəfəs yollarını genişləndirən kimyəvi və tibbi maddələri ehtiva edir. Anam ondan istifadə etməsə, bu onun ölümünə səbəb olar. Ramazan ayında onun hökmü nədir? Ona oruc tutmaq vacibdirmi və tutmadığı halda hökmü nədir?

Cavab: Fısqırdıcı preparat yalnız ağciyərə gedən qazı ehtiva etdikdə, orucu pozmur. Amma mədəyə gedən digər maddələri də ehtiva etdikdə, orucu pozur. Əgər ananız onun orucu pozan hissəsini istifadə etməyə məcbur olsa, orucu batil olar və bu halda o, fidyə olaraq bir yoxsulu yedirtməlidir. Belə ki, pozduğu hər günün əvəzində yoxsula 750 qram buğda və ya xurma, yaxud da digər bu qəbil ərzaqlardan verməlidir. Həmçinin, oruc tutmaq yaşının çoxluğu səbəbindən onun üçün məşəqqətli olduqda da o, xəstə olmasa belə, fidyə verməklə oruc tutmaya bilər.