Tibbi personalın “Korona virusa” yoluxmuş xəstələrə qayğı göstərməsilə bağlı sorğu

Rəhmli, mərhəmətli Allahın adı ilə!

Ali məqamlı mərcə təqlid müctəhid Seyid Əli Hüseyni Sistani cənablarının dəftərxanasına

Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh.

Son günlər “Korona virus” epidemiyasının yayılması nəticəsində xəstəxanalar və tibbi mərkəzlərdə qeyd olunan virusa yoluxmuş, yaxud yoluxduğu ehtimal olunan şəxslərlə təmas quran tibbi personal və könüllülər (öz peşə) vəzifələrini yerinə yetirərkən sağlamlıqlarını, hətta, ola bilər ki, həyatlarını təhlükəyə atırlar. Çünki bu halda infeksiyanın onlara ötürülmə riski daha böyük olur. Ali dini mərcəiyyətin onlara deyiləcək sözü nədən ibarətdir?
Xahiş edirik, bizə məsləhət verəsiniz!

Rəhmli, mərhəmətli Allahın adı ilə!

Xəstələri müalicə etmək və onlara qayğı göstərib işlərində yardımçı olmaq, bu vəzifəni yerinə yetirməkdə mütəxəssis olan bütün tibbi personala və digərlərinə, kifayi olaraq, vacibdir. Amma aidiyyəti orqanlar da, onların xəstəliyə yoluxma riskinin qarşısını almaq üçün, gərəkən bütün ləvazimatları təmin etməlidirlər. Həmin orqanların səhlənkarlıq etmək üçün heç bir (şəriət) üzrləri yoxdur.
Heç şübhəsiz, həmin əziz insanların bütün çətinliklərə baxmayaraq etdikləri, böyük bir iş və dəyəri ölçülməyən səydir. Hətta, onların etdikləri, vətəni və xalqı müdafiə edən qəhrəman mücahidlərin işi qədər əhəmiyyətlidir.
Əlbəttə, Allah təala onların səylərini dünyada qiymətləndirib, axirətdə də, mükafatlandıracaqdır. Bu yolda həyatlarını fəda edənlərə, Qiyamət günündə şəhidin mükafat və məqamının verilməsi ümid edilir.
Biz, belə bir ali insani əməllərin müqabilində onlara təşəkkür edirik. Uca Yaradandan onları bütün bəlalardan qoruyub uzaq etməsini diləyirik. Həqiqətən də, O, (duaları) eşidən və cavablandırandır.

Ayətullah Uzma Seyid Əli Hüseyni Sistani cənablarının Nəcəf-Əşrəf şəhərindəki dəftərxanası

21 Rəcəb 1441

17 Mart 2020