Müstəhəb qüsüllər

Sual: Müstəhəb qüsllər hansılardır?

Cavab: Müstəhəb qüsüllər zaman, məkan və feli (hər hansı əmələ aid olma) baxımından üç qismə bölünür.

Zaman baxımından yerinə yetrilən qüsüllərin çoxlu növləri vardır. Bunlardan biri cümə qüslüdür. Cümə qüslü bu növ qüsüllərin ən əhəmiyyətlisidir. Hətta onun vacib olduğu deyilmişdir. Lakin bu, zəif rəydir. Cümə qüslünün vaxtı cümə günü ikinci fəcrdən (fəcrus-sadiq) sonra günəş batanadəkdir. Ehtiyata əsasən cümə qüslünü günortadan əvvəl yerinə yetirmək lazımdır. Əgər günortadan sonra yerinə yetirilərsə, ehtiyata əsasən əda və ya qəza niyyəti etmədən mütləq surətdə Allaha mənəvi yaxınlıq niyyəti etmək lazımdır. Əgər bir kəs (cümə günü) yerinə yetirə bilməsə, şənbə günü qürubadək qəzasını edə bilər. Əgər bir kəs cümə günü su əldə edə bilməyəcəyindən ehtiyat edərsə, rəca qəsdi ilə (savab qazanmaq ümidi ilə) cümə axşamı günü cümə qüslünü yerinə yetirə bilər. Əgər cümə günü qüsl etməyə imkanı olarsa, yenidən qüsl versin. Lakin cümə günü mümkün olmasa, şənbə günü yenidən qüsl etsin.

Cənabətli şəxsin cümə qüslü verməsi düzgündür. Bu, cənabət qüslünü də əvəz edir. Həmçinin heyizli qadın qan  gəlmədikdən sonra (cümə günü) verdiyi qüsl heyz qüslünü əvəz edir. Amma heyz qanı kəslimədən əvvəl (cümə qüslü verərsə) onun düzgün olması şübhəlidir. Lakin rəca qəsdi ilə yerinə yetirməyin eybi yoxdur.

- Fitr və Qurban bayram gününün qüslü: Zahirə əsasən bayram qüslünün vaxtı fəcrdən günəşin batmasına qədərdi. Bayram namazından əvvəl yerinə yetirilməsi daha yaxşıdır.

- Ərəfə gününün qüslü: Zöhr namazından öncə yerinə yetirilməsi daha yaxşıdır.

- Tərviyə gününün qüslü. Həmin gün zilhiccənin səkkizidir.

- Ramazan ayının birinci, on yeddinci, iyirmi dördüncü gecəsinin və qədr gecələrinin qüslü.

Zaman baxımından olan bütün qüsüllərin təyin olunmuş vaxtlarında bir dəfə yerinə yetirilməsi yetərlidir. Qüsldən sonra böyük və ya kiçik hədəs (qüslə səbəb olan hallar kimi mənəvi murdarlıq) baş verərsə, yenidən qüsl verməyə ehtiyac yoxdur. Həmin qüsülləri (vermək istəyən şəxs) təyin olunmuş vaxtın istənilən saatlarında yerinə yetirməkdə ixtiyar sahibidir.

Məkan baxımından yerinə yetirilən qüsüllərin də çoxlu növləri var. Misal olaraq Məkkə hərəminin ərazisinə, Məkkə şəhərinə, Kəbəyə, Mədinə hərəminin ərəzisinə və Məscidunnəbiyə daxil olmaq üçün verilən qüsülləri qeyd etmək olar.

Feli qüsüllər iki qismdir:

Birinci qisim: Hər hansı bir işi yerinə yetirmək üçün verilən qüsüllər. Məsələn, ehram bağlamaq, Kəbəni ziyarət etmək, qurban kəsmək, həlq etmək (həcdə saç qırxdırmaq), istixarə etmək, düşmənlərlə mubahələ etmək, Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) qəbrini vida etmək üçün qüsl verilən qüsüllər bu qəbildəndir.

İkinci qisim: Meyitə qüsl verdikdən sonra ona toxunduqda yetirilən qüsl kimi hər hansı bir əməli etdikdən sonra yerinə yetirilməsi müstəhəb olan qüsl.

Bu növ qüsüllərin birinci qismi, gündüz yerinə yetiriləni, gündüzün ilk saatlarında, gecə yerinə yetiriləni isə gecənin ilk saatlarında yerinə yetirilərsə kifayət edər. Gecə yerinə yetirilən qüsüllərin gündüz və ya əksinə yerinə yetirilməsinin yetərli olması rəyi güclü görüşdür. Zahirə əsasən qüsl aldıqdan sonra əməllə (həmin əməl üçün yerinə yetirilən) qüsl arasında hədəs baş verərsə, qüsl pozular.

Bu qüsüllərin müstəhəb olması tutarlı dəlillərlə sübuta yetirilmişdir. Zahirə əsasən dəstəmazı əvəz edir. Fəqihlərin qeyd etdiyi digər müstəhəb qüsüllər də vardır. Lakin bizim nəzərimizdə onların müstəhəb olması sabit deyil. Həmin qüsülləri rəca qəsdi ilə (savab qazanmaq ümidilə) yerinə yetirməyin heç bir eybi yoxdur. Həmin qüsüllərin sayı çoxdur. Aşağıda bəzilərini qeyd edirik:

  1. Mübarək ramazan ayının birinci günü, hər tək gecəsi və son on gününün hər gecəsi yerinə yetirilən qüsl.
  2. Mübarək ramazan ayının iyirmi üçüncü gecəsi fəcrdən öncə yerinə yetirilən qüsl.
  3. Qədir-xum günü qüsl etmək. Qədir-xum günü zilhiccə ayının on səkkizidir. Həmçinin zilhiccə ayının 24 -cü günü qüsl etmək.
  4. Novruz bayramında, rəcəb ayının birinci günü, ortası və sonuncu günü qüsl etmək. Məbəs günü qüsl etmək. Məbəs günü rəcəb ayının 27 -ci günüdür.
  5. Şəban ayının 15 -ci günü qüsl etmək.
  6. Rəbiəl-əvvəl ayının 9- cu və 17-ci günü qüsl etmək.
  7. Zilqidə ayının 25-ci günü qüsl etmək.
  8. Hər bir məsumu uzaqdan və ya yaxından ziyarət edərkən qüsl etmək.
  9. Fitr bayramı günü günəş batdıqdan sonra qüsl etmək.

Bütün bu qüsüllər dəstəmazı əvəz etmir.

Sual: Zaman baxımından müstəhəb olan qüsülləri öz vaxtında bir dəfə yerinə yetirmək kifayət edirmi?

Cavab: Zaman baxımından müstəhəb olan qüsülləri öz vaxtında bir dəfə yerinə yetirmək kifayət edir. Qüsldən sonra böyük və ya kiçik hədəs baş verərsə, qüslü yenidən yerinə yetirməyə ehtiyac yoxdur. Zaman baxımından müstəhəb olan qüsülləri (vermək istəyən şəxs) təyin olunmuş vaxtın istənilən saatlarında onu yerinə yetirməkdə ixtiyar sahibidir.