Üz qırxmaq olarmı?

Sual: Xahiş edirik ki, üz qırxmaqda icazəli olan həddi bəyan edəsiniz?

Cavab: Vacib ehtiyata əsasən, çənə sümüyündə bitən tükü qırxmaq haramdır. Amma yanaqda bitən tükü qırxmağın maneəsi yoxdur.

Sual: Dövlət tabeçiliyində elə işlər var ki, orada fərdlərdən saqqalı ülgüclə qırxmağı tələb edirlər. Belə olan halda, həmin işdə işləmək caizdirmi?

Cavab: Saqqalı qırxmaq vacib ehtiyata əsasən, haramdır. Lakin şiddətli sıxıntı kimi zərurət halı istisnadır.

Sual: Möhtərəm seyidimiz, biz bərbər işləyirik. Məntəqəmizdə yaşayan bəzi mömin cavanlar bizim yanımıza gəlib üzlərini ülgüc və ya elektrik üzqırxan maşının sıfır nömrəsi, yaxud da sap vasitəsilə təraş etməyimizi istəyirlər. Cənabınızdan bu cür təraşın şəriət baxımından hökmünü bəyan etməsini xahiş edirik.

Cavab: Üz qırxmaq və bunun müqabilində muzd almaq vacib ehtiyata əsasən, haramdır. Lakin üz qırxmağa vadar edilmə, müalicə və bu kimi hallarla bağlı üz qırxmaq məcburiyyəti qarşısında qalma, üz qırxmadığı təqdirdə zərərə düşmə, yaxud üz qırxmağı tərk etmək nəticəsində məsxərə olunmaq kimi dözülməz sıxıntıya düşmə hallarında caizdir. Bunun xüsusilə cəzası yoxdur.

Sual: Saqqalı qırxmağın haram olmasına dəlalət edən hədis hansıdır?

Cavab: Saqqalı qırxmağın haram olmasına bir neçə hədis dəlalət edir:

1. Həzrət Peyğəmbər (s) – dən nəql olunan “Bığları qırxın və saqqalı saxlayın” məzmunlu hədis “Məani əl-əxbar”, “Mən la yəhduruhu əl-fəqih”, “Səhihi-Buxari” və “Səhihi-Muslim” kimi həm şiə, həm də sünni hədis kitablarında qeyd olunub.

2. Şiə hədis kitablarında nəql olunan “Saqqalı qırxmaq “məsulə”-dir (Məsulə - burun-qulağın kəsilməsidir. Tər). Hər kim “məsulə” etsə, Allahın lənəti onun üzərinə olsun!” hədisi kimi bir çox hədislər. Bu hədisləri aşağıda qeyd olunan dəlillər də dəstəkləyir:

a) Məşhur İslam məzhəblərinin saqqalı qırxmağın haram olması barədə icması.

b) İslamın ilk günlərindən indiki dövrə qədər yaşamış qanunşünasların həyat tərzi saqqal qırxmağı inkar edir.

Sual: Saqqalını qırxan şəxs necə qiymətləndirilir? Onun qeybətini etmək caizdirmi? Onun cəzası nədir?

Cavab: Bizim nəzərimizdə saqqalı qırxmaq vacib ehtiyata əsasən, haramdır. Əgər üzünü qırxan şəxsin üzrsüz haram iş etməsi məlum olarsa, bu halda o, ədalətsiz sayılır və açıq-aşkar şəkildə haram etdiyi üçün qeybəti caizdir. Onun cəzası isə (etdiyi işdə) haramın sabit olmasıdır.

Sual: Əgər saqqal natamam olub zəif inkşaf edərsə, onu möhkəmlənib nizama düşənə qədər, xüsusilə (saqqalın natamam olub zəif inkşaf etməsi sahibinə) cəmiyyətdə sıxıntıya səbəb olarsa, müvəqqəti qırxmaq caizdirmi?

Cavab: Əgər ürfün nəzərdində saqqal hesab olunarsa, vacib ehtiyata əsasən, qırxmaq caiz deyil.

Sual: Espanyolkanın (qısa, sivriuclu saqqalın) hökmü nədir?

Cavab: Vacib ehtiyata əsasən, üzdə saqqal saxlanılmalıdır.