Ürfan barədə sorğu

Bismillahir-rəhmanir-rəhim

Ali məqamlı mərcəyi-təqlid müctəhid Ayətullah-Uzma Seyid Əli Sistani cənabları

Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh!

Son zamanlar dini elmi mərkəzlərdə və digər din ocaqlarında gənclər arasında ürfan, batini saflıq və Allah-təala dərgahında mənəvi məqamlara sahib olduqlarını iddia edən bir dəstə şəxslər meydana çıxmışdır. Onlar  amallarının zikrlər, xüsusi rituallar və məclislər təşkil etməklə cəmiyyəti Allah-təalaya doğru yönəltmək olduğunu iddia edirlər. Bəzi gənclər onlarının iddialarını təsdiq edərək çağrışlarına cavab verdikləri halda, digərləri onların bu iddialarına və hərəkətlərinə şübhə ilə yanaşırlar. Belə iddialarda bulunan şəxslərə etimad edib, onlara inanıb tövsiyələrinə əməl etmək və çağrışlarına qoşulmaq icazəlidir, yoxsa ehtiyatla davranıb onlardan uzaq durmaq vacibdir? Bunu bizim üçün açıqlayın, Allah Sizi mükafatlandırsın və izzətli edərək qorusun!

Elm hovzəsinin bir dəstə tələbəsi.

 

Allahın adı ilə!

Şübhəsiz ki, hər bir mömin insan özünü Allah-təalanın itaətinə hazırlaması və Ona üsyan etməkdən çəkindirməsi üçün nəfsini tərbiyələndirməyə, rəzil xüsusiyyətlərdən və məzəmmət olunan səciyyələrdən arındırıb saflaşdırmağa eləcə də, gözəl əxlaqi dəyərləri və bəyənilən xüsusiyyətləri mənimsəməyə çox əhəmiyyət verməlidir. Bunun yolu isə yalnız Qurani-kərim və müqəddəs sünnədə qeyd olunan ölümü və dünyanın faniliyini xatırlamaq, bərzəx, (qiyamət qopanda) qəbirlərdən dirilərək çıxmaq, məhşər, sorğu-sual və Allah-təalaya əməllərin təqdim olunması kimi axirət keçidləri (mərhələləri), Cənnət və oradakı nemətlərin vəsfləri, Cəhənnəm və onun alovunun qorxulu halları, əmməllərin qoyduğu izlər və nəticələri (əməllər müqabilində veriləcək cəza və mükafatlar) bərəsində düşünməklə mümkündür. Həqiqətən də, qeyd olunanlar insanın təqva əldə etməsinə, Allaha itaətkar qul olmasına, Ona üsyan etməkdən və qəzəbinə səbəb olacaq günah iş tutmaqdan çəkinməsinə yardım edir. Həmçinin peyğəmbərlər (ə), övsiyalar (ə) bunları tövsiyə etmiş və rəbbani alimlər həyatları boyu həmin tövsiyələrə əməl etmişlər. Bu, əsla qaranlığı olmayan elə bir aşkar yoldur ki, onu tərk edənin heç bir bəhanəsi qəbul olunmaz. Həqiqətən, insanlar haqq ilə tanınarlar. Kim haqqı insanlara görə tanıyarsa, fitnəyə düşər və doğru yoldan azar.

Möminlərin əmiri imam Əli (ə) insanları həvayi-nəfsinə uyaraq bəzi biddətlər törədən, alim olduğunu iddia edən və ətrafına bir dəstə cahil kütlə toplayan nadanlardan çəkindirərək belə buyurmuşdur: “Fitnələrin mənşəyi həvayi-nəfsə uymaq, Allahın kitabına müxalif hökmlərin çıxarılması və insanların Allahın dininə mənsub olmayan şəxslərin ardınca getməsi olmuşdur. Əgər batil haqq ilə qarışmasaydı, haqq onu arayanlara gizli qalmazdı. Əgər haqq batil qarışığından arınsaydı, inadkarların dili kəsilərdi. (Əgər haqq batildən seçilərsə, inadkar insanlar batili haqq donunda təqdim edə bilməzdilər). Lakin bir az ondan və bir az da bundan götürülərək (haqq ilə batil) qarışdırılmışdır. Elə bu məqamda şeytan öz dostlarına hakim olur və Allah-təalanın lütf etdiyi kəslər isə nicat tapırlar”.

Allah-təalanın əmr və buyruqlarına müxalif olan yollarla saflığa çatmalarında mübaliğə etmələri, başqalarının onları ilahiləşdirməsinə sövq etmələri və şəriət hökmlərinin istinbat olunmasında fəqihlərin mövcud üslublarına ehtiyac olmaması düşüncəsi batil iddialarda bulunan şəxslərin əlamətlərindəndir. Onlar batini yollarla şəriət hökmlərinin mahiyyətinə vaqif olduqlarını iddia edərək ləyaqətləri olmadığı halda fətva verir, dini elmlərin təliminə yeni başlayanları istismar edir, onlara tabe olanlara xüsusi münasibət göstərir, onların yolunda və məramında olmayanlara düşmənçilik bəsləyir, onlara inanıb sonra ayrılanlar barəsində isə pis danışırlar. Onlar elm əhlindən və ümumi insanlardan seçilmək üçün qeyri-ənənəvi həyat tərzi keçirir, yuxu görmələrə etimad etməkdə mübaliğəyə varır və yuxuda  keçirdikləri mənəvi halları gördüklərini iddia edir, geyim və zahiri görünüşdə başqalarından seçilməyə çalışırlar. Bütün bunların  – fəqihlərin bu kimi məsələlərdə təyin etdikləri ikinci dərəcəli hökmlər cəhətini nəzərə almadan – dini mətinlərin möhtəvasına (mənasına)  uyğun olduğunu deyirlər.

Dində bidət edərək peyğəmbərlər (ə) və imamların (ə) buyurmadığı bəzi dini ayinləri yerinə yetirməyi tövsiyə etmək, müstəhəb olduğunu iddia etdiyi əməllərəin şəri dəyər daşıması üçün “sünnələrin (müstəhəb əməllərin)  istinbat olunmasında güzəşt” qaydasını bəhanə gətirərək etibarli olmayan mənbələrə istinad etmək, həmçinin, başqa ideoloji cərəyanlardan və dinlərdən təsirlənmək onların əlamətlərindəndir. Onlar şəriətdə haram hesab olunan musiqi və ğina məsələsində güzəştə gedir, yad kişi və qadınların bir yerdə olmasına yol verir və mənşəyi bilinməyən maliyyə mənbələrindən yardım alırlar. Bütün bunlar sağlam düşüncə sahibi olan mömin şəxsə tamamilə aşkardır.

Biz bütün möminlərə – Allah onları razı olduğu işlərə müvəffəq eləsin – mətin olmağı və bu cür iddialara uymamağı tövsiyə edirik. Bu, Allahın dininin əmridir. Kim hidayət imamının ardınca gedərsə, onunlə məhşər ayağına gətirilər və onun son yolçuluğu Cənnət oalr. Kim bir azğının ardınca gedərsə, qiyamət günü onunla məhşər ayağına çəkilər və bu azğın onu Cəhənnəmə sürükləyər. Hər kəs bu kimi hallarda diqqətli olub özlərindən öncə yaşayanlardan ibrət götürsünlər. Çoxları qeyd olunmuş vəsflərə sahib olanlara tabe olaraq azğınlıq və zəlalətə düşmüşlər. Allah-təaladan hamımızı bidətlərdən, həvayi-nəfsə uymaqdan qorumasını və rəbbani alimlərin yolunu davam etdirərək haqq dinə əməl etməyə müvəffəq etməsini diləyirik. Həqiqətən də O, müvəffəq edəndir!

Bütün mömin qardaşlarımıza Allahın salamı, rəhməti və bərəkəti olsun!

28 Rəbiul-əvvəl 1432.