Sosial-müdafiə fondu tərəfindən edilən yardım

Bismillahir-rəhmanir-rəhim

Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh

Salam və ehtiramdan sonra...

Sizdən xahiş edirik ki, aşağıda (bəndlərlə) bəyan edilən məktubumuzu oxuyub bəzi istifadəçilərə, qeyd olunmuş hallara əsasən, sosial-müdafiə fondu tərəfindən yardım edilməsinin şəriət baxımından hökmünü bildirməsi üçün Ayətullah-Uzma Seyid Əli Sistani cənablarına təqdim edəsiniz.

İraqda sosial-müdafiə fondu tərəfindən ifrat yoxsulluq həddində yaşayan işsizlərə, yoxsullara, əlillərə, yaşlılara, boşanmış qadınlara, dullara və heç bir gəliri olmayan kimsəsizlərə maddi yardım edilir.

Maddi vəziyyətləri çox da pis olmayan və maliyyə gəlirləri olan şəxslərin qeyd olunan fonddan yardım almalarının hökmü nədir?

Günəmuzd, yaxud aylıq maaşla işləyən şəxslərin, işsiz iddiası ilə maaşdan əlavə qeyd olunan yardımı almalarının hökmü nədir?

Maddi vəziyyətləri yaxşı olan şəxslərin imkansızlar üçün nəzərdə tutulmuş sosial-müdafiə fondunun yardımını almalarının hökmü nədir?

Sosial-müdafiə fondunun yardımını almaq üçün saxta tibbi arayış və sənəd təqdim etməyin hökmü nədir?

İcra olunan qanuna və yardım vermək üçün nəzərdə tutulmuş təlimatlara müxalif olaraq sosial-müdafiə fondunun yardımını almağın hökmü nədir?

Allahın adı ilə!

Yuxarıda qeyd olunan bütün hallarda qanunun tələblərinə və yardım edən səlahiyyətli orqanın təlimatlarına müxalif olmaq icazəli deyildir. Qeyri-qanuni yolla əldə edilmiş vəsaiti sərf etmək halal deyil və onu dövlətin xəzinəsinə qaytarmaq vacibdir. Allah doğru yola yönəldəndir.