Sığorta müqaviləsi

Sığorta bir müqavilədir ki, onun əsasında olunan şəxs iltizam verir ki, aylıq, illik və yaxud bir dəfəyə olaraq müəyyən bir məbləği sığorta edənə versin və onun müqabilində sığorta edən şəxs də iltizam verir ki, sığortaya üzv olan şəxsə, yaxud adı sığorta müqaviləsində müəyyən olunan və müqavilənin onun xeyrinə olduğu üçüncü bir şəxs müəyyən bir məbləğdə pulu, yaxud sabit bir ödənişi və yaxud hər hansı başqa bir şeyi həmin müqavilədə aşkar şəkildə qeyd olunan hər hansı bir gözlənilməz hadisə baş verdikdə, yaxud zərər yetişdikdə ödəsin.

Məsələ 1: Sığortanın bir neçə növü vardır:  

1. Şəxsin ölüm, xəstəlik və sair hadisələr müqabilində sığortası.

2. Mal-dövlətin, o cümlədən avtomobil, təyyarə və bu kimi əmlakların yanğın, suda batma, oğurluq hallarından sığortalanması.

Sığortanın başqa növləri də vardır ki, onun şəriət hökmləri qeyd olunan hallarla heç də fərqlənmədiyindən, burada qeyd etməyi lazım görmürük.

Məsələ 2: Sığorta müqaviləsinin bir neçə əsası vardır:

1-2. Sığorta edən və sığorta olunan şəxslərin qarşılıqlı anlaşması (“təklif” və “qəbul” anlaşması); belə ki, orada danışıqları, yazıları, yaxud onlara dəlalət edən hər hansı bir şey kifayətdir.

3. Sığortanın predmetini müəyyənləşdirmək; istər şəxs, istərsə də əmlak olsun.

4. Sığorta müqaviləsinin əvvəli və sona çatma müddətini müəyyənləşdirmək.

Məsələ 3: Sığorta müqaviləsində təhlükə və ziyanın səbəbi məsələn, yanğın, oğurluq, suda batma, xəstəlik, ölüm və sair kimi səbəblər; eləcə də hissə-hissə ödəniləcəksə, sığortanın illik və yaxud aylıq ödəniş miqdarı təyin edilməlidir.

Məsələ 4: Sığorta müqaviləsindəki tərəflər yetkinlik yaşına çatmış və ağıllı olmalı, iradə (məqsəd) və ixtiyar üzərindən bu müqaviləni bağlamalı, onların səfehlik və yaxud müflisləşmə nəticəsində mal-dövlətindən istifadə etmək hüququndan məhrum edilməmələri şərtdir. Əgər hər iki tərəf, yaxud onlardan biri yetkinlik yaşına çatmayan, dəli və məcbur olsa, yaxud mal-dövlətinin istifadə hüququndan məhrum edilmiş olsa, yaxud ciddi məqsədləri olmasa, müqavilə düzgün deyildir.

Məsələ 5: Söğorta müqaviləsi lazım müqavilələrdən sayılır və iki tərəfin razılığı olmadan pozula bilməz. Əlbəttə, əgər müqavilədə şərt edilsə ki, sığorta edən və sığorta olunan və yaxud hər ikisinin müqaviləsini pozma hüquqları vardır, bu şərtə əsasən, sığorta müqaviləsini poza bilərlər.

Məsələ 6: Əgər sığorta edən öz verdiyi iltizamına əməl etməsə, sığorta olunan şəxs şəriət hakiminə və yaxud ondan başqasına müraciət etməklə onu öz vəzifəsini icra etməyə məcbur edə bilər. Həmçinin müqaviləni pozub, sığorta haqqı adı ilə verdiyi məbləğin geri qaytarılmasını tələb edə bilər.

Məsələ 7: Əgər sığorta müqaviləsində müəyyən olunsa ki, sığorta olunan şəxs müəyyən bir məbləğı sığorta haqqı adı ilə hissə-hissə ödəsin və bu razılaşmanın icrasında istər miqdar baxımından, istərsə də ödəniş zamanı baxımından, vədəsinə xilaf çıxsa, sığorta edənə vacib deyildir ki, müəyyən hadisə və ya zərər baş verdikdə, müəyyən məbləği ödəməklə əlaqədar verdiyi iltizama əməl etsin və sığorta olunan da ödənmiş sığorta haqqının qaytarılmasını tələb edə bilməz.

Məsələ 8: Sığortada xüsusi bir məbləğin təyin edilməsi şərt deyildir, əksinə müqavilədəki tərəflərin, yəni, sığorta edən və sığorta olunanın razılığına tabedir.

Məsələ 9: Əgər bir neçə nəfər öz müştərək mallarından əldə etdikləri sərmayə ilə bir şirkət təsis etsələr və onlardan hər biri şirkət (şəriklik) müqaviləsi əsnasında başqası ilə şərt etsə ki, onun özünə və yaxud mal-dövlətinə müəyyən bir hadisə baş verdiyi təqdirdə (onun növünü də şərtin əsnasında müəyyən etsələr) şirkət vəzifəlidir ki, şirkətin sərmayəsindən, yaxud qazancından istifadə edərək dəymiş zərərləri aradan qaldırsın; müqavilənin qüvvədə qaldığı vaxta qədər bu şərtə əməl etmək vacibdir.