Orucu batil edən əməllər: sübh azanına cənabətli, heyz və nifas halında qalmaq

Məsələ 1: Əgər cənabətli şəxs Ramazan ayında bilərəkdən sübh azanına qədər qüsl etməsə, yoxsa vəzifəsi təyəmmüm olan halda bilərəkdən təyəmmüm etməsə, həmin günün orucunu tamamlamalı və başqa bir gündə oruc tutmalıdır. Həmin günün qəza, yoxsa “cəza” orucu olması məlum olmadığından həm həmin günün orucunu Ramazan ayından, həm də həmin günün yerinə tutacaq orucu “üzərində qalmış oruc” (ma fiz-zimmə) niyyəti ilə tutmalı, qəza niyyəti də etməməlidir.

Məsələ 2: Ramazan ayının orucunun qəzasını tutmaq istəyən şəxs sübh azanına qədər bilərəkdən cənabətli halda qalsa, o günü oruc tuta bilməz. Əgər bilərəkdən olmasa, həmin gün oruc tuta bilər, baxmayaraq ki, onu tərk etmək ehtiyata uyğundur.

Məsələ 3: Ramazan ayının gecəsi cənabətli olan bir şəxs bilərəkdən vaxt daralıncaya qədər qüsl verməsə, təyəmmüm edib oruc tutmalıdır və orucu düzgündür. 

Məsələ 4: Əgər cənabətli şəxs Ramazan ayında qüslünü unutsa və bir gündən sonra yadına düşsə, həmin günün orucunun qəzasını tutmalıdır. Əgər bir neçə gündən sonra yadına düşsə, cənabətli olduğunu yəqin bildiyi bütün günlər üçün qəza etməlidir, məsələn, əgər üç, ya dörd gün cənabətli qaldığını bilməsə, üç günün orucunu qəza etməlidir. 

Məsələ 5: Ramazan ayının gecəsi qüsl və təyəmmümdən heç biri üçün vaxtı olmayan şəxs özünü cənabətli etsə, orucu batildir, ona qəza və kəffarə də vacibdir.

Məsələ 6: Əgər qüsl üçün vaxt olmadığını bilə-bilə özünü cənabətli etsə yaxud vaxt ola-ola bilərəkdən vaxt daralıncaya qədər qüslü təxirə salsa, günahkar olmasına baxmayaraq təyəmmüm etsə, orucu düzgündür.

Məsələ 7: Ramazan ayının gecəsi cənabətli şəxs yatdığı təqdirdə, sübhə qədər oyana bilməyəcəyini bilsə, vacib ehtiyata əsasən, qüsl etmədən yatmamalıdır. Əgər qüsl etməzdən əvvəl ixtiyari olaraq yatsa və sübhə qədər oyanmasa, həmin günün orucunu tamamlamalıdır, ona qəza və kəffarə də vacib olur.

Məsələ 8: Cənabətli şəxs Ramazan ayının gecəsi yatdıqdan sonra oyansa və yenidən yatdığı təqdirdə, sübh azanından əvvəl oyanacağına ehtimal versə, yata bilər.

Məsələ 9: Ramazan ayının gecəsi cənabətli şəxs yatdığı təqdirdə, sübh azanından əvvəl oyanacağına yəqin etsə yaxud əmin olsa, əgər oyandıqdan sonra qüsl etmək qərarında olub, bu qərarla yatsa və sübhə qədər yuxudan durmasa, orucu düzgündür.

Məsələ 10: Ramazan ayının gecəsində cənabətli olan şəxs yatacağı təqdirdə sübh azanından əvvəl oyanacağına əmin olmasa, əgər oyandıqdan sonra qüsl etməli olduğundan qəflətdə olub, yenidən yatsa və sübh azanına qədər oyanmasa, ehtiyata əsasən, həmin orucun qəzası ona vacib olur.

Məsələ 11: Ramazan ayının gecəsində cənabətli olan şəxs bilsə yaxud ehtimal versə ki, yatsa, sübh azanında oyanacaq, bu halda oyanandan sonra qüsl edəcəyini qərara alsa və bu niyyətlə yatsa və sonra yuxudan oyanmasa, həmin günün orucunu tamamlamalı, həm qəza etməli, həm də kəffarə verməlidir. Həmçinin vacib ehtiyata əsasən, oyanacağından sonra qüsl edib-etməmək barəsində tərəddüd etsə də, həmin hökmü daşıyır.

Məsələ 12: Cənabətli şəxs Ramazan ayının gecəsi (bir dəfə) yatıb-oyandıqdan sonra ikinci dəfə yatacağı təqdirdə sübh azanından əvvəl oyanacağına əmin olsa və ya ehtimal versə, habelə oyandıqdan sonra qüsl etmək qərarında olsa, əgər yenidən yatsa və sübh azanına qədər oyanmasa, həmin günün orucunu qəza etməlidir. Əgər ikinci yuxudan oyandıqdan sonra üçüncü dəfə yatıb, sübh azanına qədər oyanmasa, həmin günün orucunu qəza etməlidir və müstəhəb ehtiyata əsasən, kəffarə də versin.

Məsələ 13: İnsanın möhtəlim olduğu yuxu birinci yuxu hesab olunur. Buna əsasən, əgər oyandıqdan sonra yenidən yatsa və sübh azanına qədər oyanmasa, ötən məsələdə deyildiyi kimi, həmin günün orucunu qəza etməlidir.

Məsələ 14: Əgər oruc tutan gündüz möhtəlim olsa, dərhal qüsl etməsi vacib deyildir.

Məsələ 15: Ramazan ayında sübh azanından sonra oyanıb möhtəlim olduğunu görsə, azandan əvvəl möhtəlim olduğunu anlasa belə, orucu düzgündür.

Məsələ 16: Ramazan ayının orucunun qəzasını tutmaq istəyən şəxs sübh azanından sonra oyanıb, möhtəlim olduğunu görüb, sübh azanından əvvəl möhtəlim olduğunu anlasa, həmin günü Ramazan ayının orucunun qəzası niyyəti ilə oruc tuta bilər.

Məsələ 17: Əgər qadın sübh azanından əvvəl heyz yaxud nifasdan pak olsa və bilərəkdən qüsl etməsə və ya vəzifəsi təyəmmüm olduğu halda təyəmmüm etməsə, həmin günün orucunu tamamlamalı və qəzasını da tutmalıdır. Əgər Ramazan ayının qəzasında da bilərəkdən qüsl və ya təyəmmüm etməsə, vacib ehtiyata əsasən, həmin günü oruc tuta bilməz.

Məsələ 18: Ramazan ayının gecəsində heyz və ya nifasdan pak olan qadın vaxt daralana qədər bilərəkdən qüsl etməsə, təyəmmüm etməlidir və (bu halda) tutduğu orucu da düzgündür.

Məsələ 19: Əgər qadın Ramazan ayında sübh azanından əvvəl heyz yaxud nifasdan pak olsa və qüsl etməyə vaxtı olmasa, təyəmmüm etməlidir, amma sübh azanına kimi oyaq qalması lazım deyil. Vəzifəsi təyəmmüm olan cənabətli şəxsin də hökmü belədir.

Məsələ 20: Əgər Ramazan ayında sübh azanına yaxın heyz və ya nifas qanından pak olsa,  qüsl və təyəmmümdən heç biri üçün vaxtı qalmasa, orucu düzgündür.

Məsələ 21: Əgər qadın sübh azanından heyz və ya nifas qanından pak olsa yaxud gün ərzində heyz ya nifas qanı görsə, axşama yaxın olsa da, orucu batildir.

Məsələ 22: Əgər qadın heyz yaxud nifas qüslünü unudsa, bir və ya bir neçə gündən sonra yadına düşsə, tutduğu oruclar düzgündür.

Məsələ 23: Əgər qadın Ramazan ayında sübh azanından əvvəl heyz və ya nifas qanından pak olsa və qüsl etməkdə səhlənkarlıq edib, sübh azanına qədər qüsl etməsə və vaxt daraldığı zaman təyəmmüm etməsə, - ötən məsələdə deyildiyi kimi – həmin günün orucunu tamamlamalı, qəzasını da tutmalıdır. Amma səhlənkarlıq etməsə və məsələn, qadınlar hamamının açılmasını gözləsə, üç dəfə yatıb azana qədər qüsl etməsə belə, təyəmmüm etməkdə də səhlənkarlıq etməsə, orucu düzgündür.

Məsələ 24: “Kəsirə” istihazəli qadın üzərinə vacib olan qüslləri "İzahlı şəriət məsələləri" kitabında yer alan 394-cü məsələsində deyildiyi şəkildə istihazə hökmlərinə əməl etməsə də, orucu düzgündür. Həmçinin “mütəvəssitə” istihazəli qadın qüsl etməsə belə, orucu düzgündür.

Məsələ 25: Bədəninin bir yerini meyitin bədəninə toxunduran şəxs məssi-meyyit (meyitə toxunmaq) qüslü vermədən oruc tuta bilər. Əgər oruc halında meyitə toxunsa da, orucu batil olmaz.