Geyimlər

Sual: Kişinin içərisində qızıldan hissəciklər və ya korpusu qızıldan olan saat taxması və onunla namaz qılması caizdirmi?

Cavab: Birinci qeyd olunanı taxmaq və onunla namaz qılmaq caizdir. Amma ikincisi caiz deyildir.

Sual: Üzərində spirtli içkilər şəkli olan və onu içməyə səsləyən şüarlar yazılmış paltarları geyinmək və alqı-satqısını etmək caizdirmi?

Cavab: Geyilməsi və alqı-satqısı haramdır.

Sual: Bəzi şirkətlər, məhsullarının üzərinə “Təbii ipəkdən hazırlanmışdır” yazmalarına baxmayaraq, qiymətinin ucuz olduğuna görə bu sözün doğu olmasına şəkk edirik. Belə olan halda, bu cür paltarları geyinməyimiz və onlarla namaz qılmağımız doğrudurmu?

Cavab: Şəkk edilərsə, geyinilməsi və onunla namaz qılınması caizdir.

Sual: Fəqihlər xalis ipəyi geyinməyin haram olduğuna fətva vermişlər. Kişilər, başqa bir materialla qarışdırılmış xalis olmayan ipəyi geyinə bilərlərmi? Əgər bu geyim şərf olarsa, hökmü nədir? Xalis ipəkdən düzəldilmiş şərfi, kişilərin geyinməsi haramdırmı?

Cavab: Şərf övrət yerini örtən geyimlərdən olmadığına görə, xalis ipəkdən olsa belə, geyinilməsi haram deyildir. Lakin xalis ipək deyilməyəcək qədər başqa materialla qarışdırılmış parçadan hazırlanmış paltarı, övrət yerini örtən geyimlərdən olsa belə, geyinmək caizdir.

Sual: Avropada yaşayan müsəlmanlar, şəriət qaydalarına uyğun şəkildə kəsilməyən heyvanların dərisindən hazırlandığına ehtimal verilən ayaqqabı, kəmər vu bu kimi geyimləri ala bilərmi? Əgər müsəlman ölkələrindən idxal edildiyinə və yaxud İslam qaydalarına uyğun şəkildə kəsilən heyvanlardan hazırlandığına ehtimal verərlərsə, bu dərilərin pak olduğuna hökm edə bilərlərmi? Əgər ehtimal zəif olarsa, vəzifələri nədir?

Cavab: Əgər ehtimal 2% kimi zəif olarsa, və bunun əksinə xatircəmlik əldə olunarsa, qəbul edilməz. Əks təqdirdə, təmiz olduğunu qəbul etməyin maneəsi yoxdur.