Çox şəkk etmək

Sual: Çox vəsvəsəçi olan bir şəxs dəstəmaz alarkən, qüsl verərkən və namaz qılarkən həddindən artıq vaxt sərf edir. Ramazan ayında cənabətli olduqda qüsl verdikdə o dərəcədə şəkk edir ki, fəcr vaxtı daxil olur və qüsl əvəzinə təyəmmüm edir. Beləcə, Ramazan ayında və digər vaxtlarda cənabətli olduqda o, vaxtın sonunu gözləyir ki, təyəmmüm edib namazını qılsın. Seyid Sistani cənablarının bu şəxs barədə rəyi nədir? Onun orucunun, namazının, ümumiyyətlə, ibadətlərinin hökmü nədri? Bu kimi hallarda möhtərəm Seyidin tövsiyəsi edir?

Cavab: Sualda qeyd olunduğu şəraitdə həmin şəxsin namazı düzgündür. Lakin su ilə paklıq etməyə imkanı olduğu halda onu əldən verdiyi üçün günah etmişdir. Həmin şəxsə öz halını islah etmək və bu xəstəlikdən xilas olmaq üçün səy göstəməsi tövsiyə olunur. Buna aşağıdakı iki mərhələ ilə nail olmaq oalr:

Birinci mərhələ: Bu halın ağıl və şəriət baxımndan pislənildiyinə diqqət eləsin. Çünki bu, mötədil haldan çıxmaq və insan enerjisinin heç bir fayda əldə etmədən sərf olunmasıdır. Vəsvəsə təqva və müqəddəs şəriətin hökmlərinə məsuliyyətli yanaşmaqdan irəli gəlmir. Vəsvəsə insan şüurunun pozulması, psixologiyasının və iradəsinin zəifliyi, hədislərdə buyurulduğu kimi xəbis Şeytanın təlqinlərinə təslim olmaqdır. Əgər insan bu həqiqəti yaxşı dərk edərsə, növbə ikinci mərhələyə çatır.

İkinci mərhələ: Özünü əla almağa və iradəsinin cilovunu əlində tutmağa səy etməlidir ki, Şeytan ona vəsvəsə edə bilməsin. Qiyamət günündə ehtimal etdiyinə əhəmiyyət vermədiyi üçün Allah-təala onu cəzalandırmayacağına yəqin gətirərək güclü iradə nümayiş etdirsin. Əgər (dəstəmaz və qüsl əsnasında) suyun dəriyə çatmasında şəkk edərsə, əhəmiyyət verməməli və adət üzrə paklığın hasil olduğuna əmin olmalıdır. Hər dəfə şəkkinə əhəmiyyət vermədikcə, vəsvəsənin onun psixologiyası üzərindəki hakimiyyəti zəifləyəcək və Şeytan ona təsir edəcəyindən ümidsiz olacaq. Sonda həmin şəxs paklıq və murdarlıq məsələlərinə mötədil yanaşacaqdır. Əmin olsun ki, bu yolda mübarizəyə başlayarsa, Allah-təalanın yardımı ilə o, Şeytanın zəif hiyləsinə qalib gələcək. Allah-təala buyurub: “Şübhəsiz Şeytanın məkr və hiyləsi həmişə zifdir”. (Nisa surasi, ayə 76).

Sual: Dəstəmaz alarkən əl və ayaq dırnaqları altında olan çirkləri təmizləmək vacibdirmi?

Cavab: Əgər çirk görünməyəcək miqdardadırsa, vacib deyil. Əks təqdirdə (görünəcək miqdardadırsa), suyun dəriyə çatmasının qarşısını alırsa, təmizlənməsi vacibdir.

Sual: Namazda səcdə edərkən bəzən mənə elə gəlir ki, 3 səcdə etmişəm, bəzən də neçə dəfə səcdə etdiyimi bilmirəm və bir daha səcdə edirəm. Bu halda mənim hökmüm nədir?

Cavab: Əgər çox şəkk edirsənsə, şəklərə əhəmiyyət vermə. Əks təqdirdə, səcdə etmisən ya yox deyə şəkk etsən, səcdə etmək vacibdir.

Sual: Mən dəstəmaz alarkən həddindən çox şəkk edirəm. Dəstəmaz aldıqdan sonra bütün üzvlərə baxıram ki, su hər yerə çatıb ya yox; bunun hökmü nədir?

Cavab: Dəstəmazın düzgündür və şəkkə əhəmiyyət vermə.

Sual: “Çox şəkk etmək” qaydası “ibadətlər” və “alış-verişlər” məsələlərində keçərlidirmi?

Cavab: Çox şəkk edən mütləq surətdə şəkkə əhəmiyyət verməməlidir.

Sual: Namazlarında 3 və ya 4 dəfə şəkk edən şəxs çox şəkk edən hesab olunurmu?

Cavab: Bəli, çox şəkk edəndir.

Sual: Namazın rəkətlərinin sayında çöx şəkk edən şəxs nafilə namazlarında da eyni hökmü daşıyırmı? Belə ki, (nafilə namazında) birinci və ikinci rəkətlər arasında şəkk edərsə, namazı birinci və ya ikinci rəkət hesab edə bilər, yoxsa namazı ikinci rəkət hesab edib tamamlamalıdır?

Cavab: Şəkkə əhəmiyyət verməməlidir. Namazı ikinci rəkət hesab edə bilər.

Sual: Şəkdən xilas olmağın yolu nədir?

Cavab: Ona əhəmiyyət verməmək, daima əməli düzgün hesab etmək və qəbul olunmuş miqdarla kifayətlənmək.

Sual: Çox şəkk edən şəxsin namazlarını camaatla qılması vacibdirmi?

Cavab: Vacib deyil. Amma namazı düzgün qılmaq iqtida etməkdən asılı olarsa, o zaman vacib olar.

Sual: Mən həmişə dörd rəkətli namazlarda rəkətlərin sayında şəkk edirəm, yəni dörd rükət qıldığımı unuduram. Namazı qıldıqdan sonra səhv səcdəsi yerinə yetirməliyəmmi?

Cavab: Çox şəkk etdiyin halda namazı dördüncü rəkət hesab elə, namazını tamamla. Bu kimi hallarda sahv səcdəsi vacib deyil.