Balıq yağı

Sual: Kafirlərdən alınıb onların ölkələrindən idxal edilən balıq yağını yemək icazəlidirmi?

Cavab: Kafirlərdən alınıb onların ölkələrindən idxal edilən balıq yağını, zərurət olmadığı təqdirdə, yemək icazəli deyil. Lakin onlardan alınan balığın pullu olduğu, sudan diri tutulduğu, yaxud balıqçı torunda və ya tilovunda öldüyü bilinərsə, maneəsi yoxdur.

Sual: Balıq yağından hazırlanmış həbləri vitamin tərkibli dərman kimi qəbul etmək icazəlidirmi?

Cavab: Həmin yağın pullu balıqdan alındığı bilinmədiyi təqdirdə, icazəli deyil. Amma həmin dərman müalicə üçün zəruri və alternativsiz olarsa, maneəsi yoxdur.

Sual: Balıq yağından hazırlanmış kapsulları qəbul etməyin hökmü nədir? Halbuki, istehsalçı şirkətlər həmin yağların balina, köpək balığı və digər pullu və pulsuz balıqlardan alındığını bildirirlər.

Cavab: Pullu balıqlardan alındığı bilinməsə, icazəli deyil. Bəli, əgər müsəlman onu yemək üçün təqdim edərsə və o, pulsuz balıqların yeyilməsini halal bilənlərdən olmasa, istifadəsi icazəlidir.

Sual: “Omega-3” preparatı özündə orqanizm üçün zəruri olan qidalandırıcı maddələri ehtiva edir. Mən Avropa ölkələrinin birində təhsil alıram, yaddaşımın fəallaşmasına və stabilləşməsinə kömək etdiyi üçün həmin preparatdan istifadə edirəm. Sualım belədir:

Biz həmin maddənin yeyilməsi halal, yaxud haram olan balıqlardan alındığını bilmirik. Hər kapsulun örtüyü mənşəyi bilinməyən jelatin maddəsindən hazırlanıb. Mən əvvəllər bu maddədən istifadə edirdim. İstifadəni dayandırdıqdan sonra, bu mənim təhsildə olan fəallığıma nəzərə çarpacaq dərəcədə təsir etdi. Həmin maddəni bilmədən qəbul etdiyim üçün mənim hökmüm nədir?

Cavab: Balıq yağının pullu və sudan diri tutulmuş balıqdan alındığına xatircəmlik əldə olunmasa, halal hökmünü daşımaz. Kapsulun örtüyünün heyvan, yoxsa bitki mənşəli olmasına şəkk edilərsə, yeyilməsinin maneəsi yoxdur.

Sual: Balınanın qaraciyərinin yağından alınmış vitamini qəbul etməyin hökmü nədir?

Cavab: Zərurət olmadığı halda, icazəli deyil.

Sual: Həyat yoldaşım qanda triqliseridlərin yüksəlməsindən əziyyət çəkir. Onun yeganə müalicəsi balinanın qaraciyərinin yağından hazırlanan dərmandır. Belə ki, ərim hər gün üç dəfə həmin dərmandan üç kapsul qəbul etməlidir. Kapsulun örtüyü heyvan mənşəli jelatindən, dərman isə balıq yağından hazırlanıb. Bu halda vəzifəmiz nədir?

Cavab: Pulsuz balıqların yağını, həkimlərin adətən dözülməz xəstəliklərin müalicəsi üçün yalnız onu təyin etdikləri halda, yeməyin maneəsi yoxdur.