Ayın sabit olması

Sual: Zindanda olan şəxs, Ramazan ayının daxil olmasına yəqinlik əldə edə bilməsə, vəzifəsi nədir?

Cavab: Ehtimalına əsasən, əməl etməlidir. Lakin güclü bir ehtimal vermək imkanı varsa, zəif ehtimala əməl edə bilməz. Belə ki, güclü ehtimalı əldə etmək üçün ciddi cəhd etməlidir. Əgər bu da mümkün olmasa, ehtimalın güclənməsinə səbəb olacaqsa, son həll yolu olaraq püşkdən istifadə edə bilər. Əgər zənnə əməl etmək mümkün olmasa, Ramazan ayı olduğunu ehtimal etdiyi bir ayı oruc tutmalıdır. Əlbəttə, həmin ayı nəzərə almalıdır, belə ki, sonradan Ramazan ayı və yaxud ondan sonra olduğu məlum olarsa, bir şey ona vacib olmaz. Lakin Ramazan ayından əvvəl olduğu məlum olarsa, o zaman Ramazan ayının orucunu qəza etməlidir.

Sual: Ramazan ayının son günü, yoxsa Şəvval ayının ilk günü olduğunu bilmədiyimiz halda, vəzifəmiz nədir?

Cavab: Bu halda, insan gərək oruc tutsun. Lakin həmin günün içərisində Şəvval ayının ilk günü olduğu məlum olarsa, orucunu açmalıdır.

Sual: Bir şəhərdə ayın ilk günü sabit olarsa, üfüqləri eyni olan başqa şəhərlər üçün də ayın ilk günü sabit olarmı?

Cavab: Bəli, olur. Lakin üfüqlərin eyni olmasından məqsəd, birinci şəhərdə görünərkən bulud kimi maneənin olmaması halında, başqa şəhərlərdə də görünməsidir. Bu, ikinci şəhərin birinci şəhərin qərbində və paraleldə bir-birinə yaxın olması halındadır. Lakin ikinci şəhər birinci şəhərin şərqində olarsa, birinci şəhərin üfüqündə qalma miqdarı, iki şəhərin qürubu (günəşin batması) arasındakı ixtilafın miqdarından çox olsa belə, üfüqlərin eyni olması halındadır.

Sual: Əgər bir şəxs Ramazan ayının ilk günü onun üçün sabit olmadığına görə oruc tutmasa və sonradan həmin günün ayın birinci günü olduğu sabit olarsa, vəzifəsi nədir?

Cavab: Həmin günün orucunu qəza etməlidir.

Sual: Ayın yüksəkdə olmasına və yaxud gec batmasına əsaslanıb, əvvəlki gecənin, ayın ilk gecəsi olmasına hökm etmək olarmı?

Cavab: Xeyr, olmaz. Ayın kənarında aydınlığın olması, ikinci gecə olmasına dəlil deyildir.

Sual: Ayın ilk günü, astranomların sözü ilə sabit olarmı?

Cavab: Xeyr, sabit olmaz. Lakin insan, onların sözü ilə ayın ilk günü olduğuna yəqinlik əldə edərsə, ona görə əməl etməlidir.

Sual: Şəriət hakiminin hökm etməsilə ayın ilk günü sabit olarmı?

Cavab: Xeyr, sabit olmaz. Amma onun hökm etməsilə və yaxud onun üçün sabit olmasından ayın görünməsinə xatircəmlik hasil olarsa, sabit olar.

Sual: Ayın ilk günü, hansı yollarla sabit olur?

Cavab: 1. İnsanın özünün ayı görməsi ilə.

2. Sözündən yəqin və xatircəmlik əldə olunacaq bir dəstənin ayı gördük deməsilə və ya hər hansı bir vasitə ilə insanın yəqinlik əldə etməsilə, yaxud da əqli yolla xatircəmliyin əldə olması ilə.

3. İki adil kişinin gecə ayı gördük deməsilə. Bu bölüm barədə ətraflı məlumat əldə etmək istəyənlər Seyidin “Minhacus-salihin” kitabına müraciət edə bilərlər.

4. Şaban ayından otuz gün keçməsilə. Şaban ayından otuz gün keçməklə, Ramazan ayının ilk günü sabit olur. Həmçinin Ramazan ayından otuz gün keçməklə, Şəvval ayının ilk günü sabit olur.