Haram edilmiş əməllər

Sual: İslam şəriətində əsas haram edilmiş əməllər hansılardır?

Cavab: İslam şəriətində əsas haram edilmiş əməllər aşağıdakılardır:

1. Allah təalanın rəhmət və mərhəmətindən ümidsiz olmaq.

2. İnsanın özünü, Allahın günahkarlara vəd verdiyi əzabdan amanda hiss etməsi.

3. Hicrət etdikdən sonra geri dönmək. Yəni, müsəlmanın, haqq olan inancının, yaxud dininin zəiflədiyi və ya müqəddəs şəriətin ona vacib etdiyi əməlləri icra edə, ya da haram buyurduğu işlərdən çəkinə bilməyəcəyi ölkəyə köçməsi.

4. Zalımlara yardım edib onlara arxalanmaq və həmçinin onlar tərəfindən mənsəb qəbul etmək. Amma onlar tərəfindən verilən mənsəb şəriət tərəfindən qəbul olunandırsa və onun həmin mənsəbi qəbul etməsi müsəlmanların mənafeyinə uyğundursa, bu hal istisnadır.

5. Müsəlmanı və qanı toxunulmaz olan şəxsi qətlə yetirmək. Həmçinin qeyd olunan şəxslərə vurmaq və yaralamaq kimi zor tətbiq etmək də eyni hökmü daşıyır. Ruh daxil olmamış dölü, hətta laxtalanmış qan, yaxud ət parçası formasında olsa belə, saldırmaq haramdır.

6. Möminin qeybətini etmək. Yəni, möminin hazır olmadığı məkanda insanların bilmədiyi eybini – istər intiqam almaq məqsədilə olsun, istərsə də başqa məqsədlə olsun – qeyd etmək.

7. Mömini söymək, lənətləmək, təhqir və lağ etmək, qorxutmaq, sirrini ifşa etmək, onun səhvlərini axtarmaq və xüsusilə yoxsul olduğu üçün onu alçaltmaq.

8. Möminə böhtan atmaq. Yəni, onda olmayan nöqsanı ona nisbət vermək.

9. Möminlər arasında ayrılıq salmaq məqsədilə, söz gəzdirmək.

10. Lazim ehtiyata əsasən, üç gündən artıq müsəlmanla əlaqəni kəsmək.

11. İffətli kişi və qadına iftira atmaq. Yəni, onları, heç bir şahid olmadan zina kimi əxlaqsız əməllərdə ittiham etmək.

12. Müsəlmanı – istər keyfiyyətsiz malı keyfiyyətli malın içərisində gizlətməklə olsun, istər tələb olunmayan malı tələb olunan mal adı ilə təqdim etməklə olsun, istərsə də başqa formada olsun – alış-veriş kimi qarşılıqlı iş anlaşmalarında aldatmaq.

13. Söyüş söymək. Yəni, söylənilməsi bəyənilməyən eyib sözlər danışmaq.

14. Müsəlmanlar və hətta qeyri-müsəlmanlara qarşı vəfasız və xəyanətkar olmaq.

15. Sözdə və əməldə özünü biruzə verəcək tərzdə başqasına həsəd aparmaq. Amma həsəd bundan qeyri formada olarsa, məzəmmət olunan xüsusiyyət sayılsa belə, haram deyil. Lakin qibtə etməyin maneəsi yoxdur. Qibtə etməyin mənası isə, insanın başqalarına verilən nemətin onlardan alınmasını istəməmək şərtilə, ona da bəxş edilməsini təmənni etməkdir.

16. Zina, homoseksuallıq, lezbiyanlıq və istimna (ononozm) etmək, həmçinin ər-arvad münasibətlərinin xaricində ehtirasla baxmaq, toxunmaq və hətta dinləmək kimi cinsi ləzzətlərdən istifadə etmək.

17. Aradüzəldənlik etmək. Yəni, iki nəfərin zina, homoseksuallıq, lezbiyanlıq kimi haram olan yaxınlıq etmələri üçün vasitəçilik etmək.

18. Dəyyusluq etmək. Yəni, kişinin arvadını əxlaqsızlıq etməsini görüb susması və onun qarşısını almaması.

19. Lazim ehtiyata əsasən, kişinin özünü qadına və qadının da özünü kişiyə oxşatması. Yəni, onlardan birinin özünü digərinin formasına salıb onun kimi bəzənməsi.

20. Kişinin təbii ipək geyinib qızıl (ziynət əşyaları) taxması. Lazim ehtiyata əsasən, kişi qızıl ilə bəzənməyi tərk etməlidir.

21. Elm və dəlil-sübut olmadan danışmaq.

22. Başqa insanlara zərər yetirməsə belə, yalan danışmaq. Yalanın ən şiddətli forması isə, yalandan şahidlik etmək, yalandan and içmək və Allahın nazil etdiyindən qeyrisi ilə fətva verməkdir.

23. Lazim ehtiyata əsasən, verilən vədəyə əməl etməmək. Vədə verilərkən ona əməl etməməyi əvvəlcədən qarşıya məqsəd qoymaq haramdır. Hətta, lazim ehtiyata əsasən, ailəyə vədə verib sonra ona əməl etməmək də eyni hökmü daşıyır.

24. Alış-veriş və borc vasitəsilə sələmli gəlir əldə etmək. Həmçinin onu sələmli gəlir əldə edən şəxs üçün almaq və bu məqsədlə vermək haramdır. Sələm müqaviləsini qeydə almaq və onun üçün şahid dayanmaq da haramdır.

25. Şərab və digər əstedici və maye halında olan içkilər içmək haramdır. Pivə və qaynayarkən üçdə ikisi buxarlanmayan üzüm suyunu buna misal çəkmək olar.

26. Donuz ətini, əti haram olan heyvanların ətini və qeyri-şəri yolla ölmüş heyvanın (leşin) ətini yemək haramdır.

27. Təkəbbürlülük və lovğalıq etmək. Yəni, insanın özünü heç bir gərəkən məziyyət olmadan başqalarından böyük və üstün hesab etməsi.

28. Qohumlarla əlaqəni kəsmək haramdır. Yəni, onlara yaxşılıq etməyi tərk etmək haramdır.

29. Aq valideyn olmaq. Yəni, övladın valideynlərinə, onların övlada etdikləri yaxşılıqları danmaq sayılacaq şəkildə, pislik etməsi. Həmçinin övladın valideynlərinə, onların şəfqətindən doğan əziyyətlərinə səbəb olacaq tərzdə müxalif olması da, haramdır.

30. İsraf və bədxərclik etmək. İsrafın mənası, lazım olan miqdardan artıq malı sərf etmək, bədxərcliyin mənası isə, malı lazım olmayan yerlərə sərf etməkdir.

31. Tərəzi, çəki və bu kimi işlərdə aldatmaq. Yəni, tərəzi, çəki, say və bu kimi işlərdə gərəkən haqqı tamamlamamaq.

32. Müsəlmanın və onun hökmündə olan şəxsin malından, onun istək və razılığı olmadan istifadə etmək haramdır.

33. Müsəlman və onun hökmündə olan şəxsin malına, canına və namusuna zərər yetirmək haramdır.

34. Cadugərlik etmək, onu öyrətmək, öyrənmək və bu yolla pul qazanmaq haramdır.

35. Faıçılıq etmək, bu yolla pul qazanmaq, falçıya müraciət etmək və onun dediklərini təsdiqləmək.

36. Məhkəmədə rüşvət vermək. Belə ki, məhkəmə qərarı doğru olduğu təqdirdə, (onu dəyişmək məqsədilə) rüşvət vermək və almaq haramdır. Amma zalım tərəfindən tapdanmaqda olan haqqı bərpa etmək məqsədilə rüşvət verməyin maneəsi yoxdur, baxmayaraq ki, zalıma həmin rüşvəti alması, haramdır.

37. Musiqi (ğina). Musiqi (ğina) ritmləri üzərində Quran, dua və zikrləri oxumaq da haramdır. Lazim ehtiyata əsasən, əyləncə məzmunlu olmayan sözləri də musiqi (ğina) ritmləri ilə oxumaq, haramdır.

38. Çalğı alətlərindən istifadə etmək. Misal olaraq dəf və nağara kimi zərb alətlərini, tütək kimi nəfəsli alətləri və tar kimi simli alətləri qeyd etmək olar. Belə ki, həmin alətlərdən istifadə edib əyləncə və çalğı məclislərinə uyğun musiqi səsləndirmək haramdır.

39. Qumar oynamaq. Qumar, istər şahmat, nərd və domino kimi qumar oynamaq üçün nəzərdə tutulmuş alətlərlə olsun, istərsə də başqa vasitələrlə, haramdır. Həmçinin qumarda girov götürmək də haramdır. Şahmat və nərdi girov olmadan belə oynamaq haramdır. Lazim ehtiyata əsasən, şahmat və nərdən başqa qumar alətlərləri ilə girov olmadan oynamaq da, haramdır.

40. İtaət və ibadətlərdə riyakarlıq və şöhrətpərəstlik etmək.

41. İnsanın özünü qətlə yetirməsi. Həmçinin insanın əlini kəsməsi kimi bədəninin əsas üzvlərini aradan aparması, yaxud ayağını iflic etməsi kimi bədən üzvünün funksiyasını dayandırması kimi özünə nəzərə çarpacaq zərər yetirməsi, haramdır.

42. İnsanın özünü alçaltması. Misal olaraq insanın, ona eyib və nöqsan gətirəcək bir libas geyinməsi nəticəsində alçalma halını qeyd etmək olar.

43. Müəyyən bir iş üçün şahid gətirilən şəxsdən bir müddət sonra həmin işlə bağlı şahidlik etməsi tələb olunduğu halda, onun şahidliyini gizlətməsi haramdır. Hətta, onun məzlumun zalımdan seçilib ayrıldığı bir vəziyyətə başqası tərəfindən şahid gətirilmədən öz şahidliyini gizlətməsi, haramdır. Belə ki, insanın, məzlumun qələbə çalması üçün şahidliyini gizlətməsi, haramdır.

Sual: İnsana, yeməsi haram olam qidalar hansılardır?

Cavab: İnsana, nəzərə çarpacaq dərəcədə zərərli olan qidaları yeməsi – istər həmin qidalar ölümcül olsun, istərsə də onun bəzi bədən üzvlərinin, yaxud hiss üzvlərinin funksiyasını iflic etmiş olsun – haramdır. Eyni zamanda qeyd olunanlara, ağıl sahiblərinin nəzərində əhəmiyyətli dərəcədə ehtimal verilərsə, – istər bu ehtimal qorxu yaradacaq tərzdə olsun, istərsə də gec olsa belə, zərəri gercəkləşdirsin – yenə də, insanın həmin qidaları yeməsi haramdır.