Ali dini mərcəiyyət tərəfində hicri 1438-ci ilin məhərrəm ayında xətiblərə və mübəlliğlərə ümumi tövsiyələri

Bağışlayan və mehriban Allahın adı ilə! Muhəmməd və pak əhli-beytinə salam və salavat olsun!

 “Kim Allahın (Onun dininin) nişanələrinə ehtiram göstərsə, şübhəsiz, (bu ehtiram) qəlblərdəki təqvadan hasil olur”.

Haram aylardan olan məhərrəm ayı bizə yaxınlaşmaqdadır. Bu ay ərzində cəmiyyətin inkişafı, ümmətlərin iradəsinin dirçəlişi, vəziyyətin islahı üçün islahatçıların başçılıq etdiyi ən böyük hərəkatı xatlrladacağıq. Bu hərəkat mübarək Hüseyni hərəkatdır! Bu mübarək hərəkat İmam Hüseyn bin Əlinin (ə) davamçıları olan bizlərin öhdəsinə böyük məsuliyyət qoyur. Bu, həmin hərəkatın davam etdirilməsi, qəlblərdə və ruhlarda bu hərəkatın təsirlərini və izlərini möhkəmləndirilməsi məsuliyyətidir. Hər bir Hüseynçi istər din alimi olsun, istər ziyalı olsun, istərsə də dünyəvi və humanist elmlər üzrə mütəxəssis olsun o, özünəməxsus məsuliyyət daşıyır. Bizim hər birimiz özümüzü, ailəmizi, ətrafımızı islah etməklə, cəmiyyətə bu hərəkatın əhəmiyyətini, əzəmətli islahatın böyüklüyünü anlatmaqla İmam Hüseynin (ə) bu mübarək inqilabını qorumaq məsuliyyətini daşıyırıq. Lakin xətiblər Aşura hərakatının və şəhidlər ağasının (ə)  hədəflərinin media tərəfini təmsil etdikləri üçün daha böyük məsuliyyət daşıyırlar. Məhz buna görə də düşünərək soruşmalıyıq: Hüseyni minbər zamanın təlabatlarına, əsrin yeniliklərinə cavab verərək qəlblərdə və ruhlarda hüseyni nişanələri formalaşdıracaq  dərəcədə bu məsuliyyəti yerinə yetirə bilirmi?!

Məhz bu məsələdən çıxış edərərk Seyiduş-şühada (ə) minbərindən söz söyləyən hər bir kəsə bəzi tövsiyə və nəsihətləri xatırladırıq.

1. Müxtəlif formada fikirlərin təqdim olunması. Cəmiyyət mənəvi, tərbiyəvi və tarixi mövzulara ehtiyac duyur. Bu isə xətibin çeşidli sahələrdə müxtəlif mövzulara vaqif olmasını tələb edir ki, onu dinləyən insanların və qeyrilərinin mariflənmə ehtiyacını  təmin edə bilsin.

2. Xətib zəmanəsinin mədəniyyətindən və düşüncə tərzindən xəbərdar olmalıdır. Yəni xətib hər il meydana atılan özünəməxsus əqidəvi şübhələrdən, hər bir cəmiyyətdə dəyişkən davranışlardan, möminlərin qarşılaşdıqları hər bir ictimai problemlərdən agah olmalıdır. Xətiblərin yeniləşən hər bir fikir, davranış və mədəniyyətdən xəbərdar olmaları İmam Hüseyn (ə) minbərinin ətrafında toplaşan insanlara böyük təsir qoyur, onlarda fəaliyyət hissi yaradan ruhiyyə verir.

3. Qurani-kərim ayələrini qeyd edərkən diqqətli olmaq, rəvayətləri mötəbər kitablardan nəql etmək və ya sübuta yetmiş tarixi əhvalatları söyləmək lazımdır. Çünki rəvayətlərin mənbələrinin və söylənilən əhvalatların dəqiq olmaması dinləyicilərin nəzərində hüseyni mənbərə olan etimadı aradan aparır.

4. Mənbərdən yuxu və xəyali əhvalatlar danışmaqdan çəkinmək lazımdır. Çünki bu cür şeylərin danışılması hüseyni minbərin adına xələl gətirir. Bu, uğursuz informasiya üslubudur. Dinləyicilərin məntiqi və intellektual səviyyəsinə münasib deyil.

5. Xütbəni gözəl surətdə hazırlamaq. Belə ki, xətib mövzunun tərtibi, səlis bəyanı, dinləyənlərin ruhunu oxşayacaq ifadələrin seçilməsi baxımından mühazirəsinin mövzusuna yüksək səviyyədə diqqət etməlidir. Xətibin mövzunun seçilməsi, axıcı və cəlbedici tərtibi sayəsində sərf etdiyi böyük zəhmət dinləyicilərin hüseyni minbərə bağlanmalarında əvəzsiz rol oynayır.

6. Əhli-beytin elmi və əxlaqi irsi olduqca gözəl və əzəmətlidir. Lakin xətibin məharəti və yaradıcılığı müxtəlif dinlərə, ideologiyalara və ictimai-fəlsəfi düşüncəyə sahib olan bütün xalqları cəlbedici dini mətinləri və hədisləri seçməkdə özünü göstərir. İmamlardan (ə) belə nəql olunur: “Əgər insanlar sözlərimizin gözəlliklərini dərk etsələr ardımızca gələrlər”. Onların sözlərinin gözəllikləri fərqli dini etiqadlara və ideoloji məktəblərə mənsub olan bütün xalqları özünə cəlb edən insani dəyərlərdən və əxlaqi keyfiyyətlərdən bəhs edən elmi-mədəni irsləridir.

7. İctimai problemlərin və düzgün həll yollarının təqdim olunması. Xətibin ailə bağlarının qırılması, gənc nəsil ilə yaşlı nəsil arasında anlaşılmazlığın yaranması, boşanma hallarının çoxalması və bu kimi problemləri həll yollarını göstərmədən sadalamaqla kifayətlənməsi yaxşı deyil. Bu hal minbərin fəal islahatçı rol oynamamasına və nəticəsiz mübahisələrə səbəb olur. Buna görə də hüseyni minbərdən xalqa müraciət edənlər müxtəlif ictimai problemlərin həlli mövzusunda mütəxəssislərlə, psixoloqlarla və ictimai xadimlərlə məsləhətləşməlidirlər ki, problemlər barədə onların düzgün həll yollarını təqdim edərək danışsınlar. Bu, minbəri durğunluq halından çıxardaraq cəmiyyətin islah olunması yolunda fəal rol oynayan bir mayaka çevirəcək.

8. Hüseyni minbər ideoloji və (məhərrəmliklə bağlı) ayinlər mövzusunda şiəlikdəki ixtilaflı məsələlərə müdaxilə etməkdən çəkinməlidir. Belə məsələlərə müdaxilə etmək minbərin hər hansı bir tərəfin istismar etməsinə, ictimai fikirdə xaosa və möminlər arasında parçalanmaya gətirib çıxarır. Halbuki minbər Şəhidlər ağasını (ə) sevənlərin qəlblərini bir araya gətirmək, onları vahid yolda əməkdaşlıq etmələri üçün vəhdət bayrağı və Hüseyn (ə) nurunun rəmzidir.

9. İbadət və müamilat mövzusunda insanların daha çox qarşılaşdıqları fiqhi mövzuları elə maraqlı və aydın üslubda təqdim edilməlidir ki, dinləyicidə hüseyni minbərin onun reallığına və həyatının müxtəlif məsələlərinə cavab verməsi duyğusunu yaratsın.

10. İmamiyyə məzhəbinini gücünün sirri, əzəmətinin və varlığının böyüklüyünün rəmzi olan mərcəiyyətin, elmi hovzənin və din alimlərinin əhəmiyyətini bəyan etmək.

Allah-təaladan hamımızı şəhidlər ağası İmam Hüseynin (ə) yolunda xidmət göstərməkdə müvəffəq etməsini, dünya və axirətdə bizi Hüseynlə (ə) tanıtdırmasını diləyirik.

Aləmlərin Rəbbi olan allaha həmd olsun! Muhəmməd və pak əhli-beytinə salam və səlavat olsun!

İmam Əli (ə) cəmiyyəti. London.