admin

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Allahın adı ilə!

Ali məqamlı mərcəyi təqlid müctəhid Seyid Əli Hüseyni Sistani cənablarının Nəcəf Əşrəf şəhərindəki dəftərxanası 22 İyul 2020 ci il (Çərşənbə günü) tarixinin Zil-hiccə ayının birinci gününə təsadüf edəcəyini bəyan edib.

Qurban bayramı, 31/07/2020 ci il Cümə gününə təsadüf edəcəkdir, inşallah.

Allah gələn günlərizi xeyir üzərində qərar versin!

Camaat namazı

Sual: Ölkəmizdəki müvafiq orqanlar (Korona virus pandemiyası ərəfəsində) məscid və bu kimi yerlərdə camaat namazlarının bərpası üçün eyni cərgədə dayanan hər iki nəfərin arasındakı məsafənin iki metr olmasını və hər sıra arasında bir cərgəni boş buraxılmasını tələb etmişlər. Qeyd olunan halda Seyid cənablarının (kölgəsi davamlı olsun!) fətvasına əsasən, camaat namazı bərpa olunarmı?

Cavab: Hər bir məmun (camaat namazında iqtida edən şəxs) ilə onunla bir cərgədə dayanan digər məmunun arasında, həmçinin arxa sırada dayanan məmunun səcdə etdiyi yer ilə onun qarşısında dayanan məmunun məkanın arasındakı məsafə 120 sm ölçüsündə olmalıdıdr. Amma iki metr məsafənin olması halında, iqtida etməyin düzgünlüyü mübahisəlidir.

Sual: Qadınların kişilərlə camaat namazı qılmaları daha üstündür, yoxsa evdə namaz qılmaları? Necə ki, məsumlardan (ə) nəql olunan hədisdə deyilir: “Qadının məscidi, onun evidir.”

Cavab: (Dini) mətnlərdən anlaşılan budur ki, qadının namaz qılması üçün ən üstün yer onun daha çox örtünə bildiyi və naməhrəm kişilərin baxışlarından daha uzaq olduğu yerdir. Qeyd olunan hal, yerlərin müxtəlifliyinə görə fərqlənir.

Allahın adı ilə!

Ali məqamlı mərcəyi təqlid müctəhid Seyid Əli Hüseyni Sistani cənablarının Nəcəf Əşrəf şəhərindəki dəftərxanasının yayımladığı bəyanata əsasən, 24 May 2020 ci il 30 Ramazan ayı, və 1 Şəvval 1441 ci il mübarək Fitr bayramı isə 25 May 2020 tarixinə təsadüf edəcək, inşallah.
Bayramınız mübarək olsun!

Allahın adı ilə!

Ali məqamlı mərcə təqlid müctəhid Seyid Əli Hüseyni Sistani cənablarının Nəcəf Əşrəf şəhərindəki dəftərxanasınln yayımladığı bəyanata əsasən, 1 Mübarək Ramazan ayı 1441 ci il, 25 Aprel (Şənbə günü) 2020 ci il tarixinə təsadüf edəcək.

Allah gələn günlərinizi xeyir üzərində qərar versin!

Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh.

“Koronavirus” dünyanın bir çox ölkələrində yayılır və ona yoluxanların sayı gündən-günə artmaqdadır. Biz “məlum epidemiyanın yayılmasını məhdudlaşdırmaqla bağlı aidiyyətı orqanların verdiyi göstərişlərə əməl etməyin vacib olması və hər hansı bir məqsədlə toplaşmanın qadağan edilməsi” barədə, ali məqamlı mərcəyi təqlid müctəhidin mövqeyindən xəbərdarıq. Hal-hazırda Seyid cənablarına (kölgəsi əskik olmasın!) cavablandırması üçün ünvanlandırdığımız bir neçə sualımız var:

Sual 1: Epidemiyaya yoluxduğu ehtimal olunan şəxslərlə əl verib görüşmək və ya qucaqlaşmaq, yaxud öpüşmək kimi təmaslardan çəkinmək vacibdirmi? Onlarla, qoruyucu tibbi maskalar geyinmə və bu kimi ehtiyat tədbirləri görmədən təmasa keçmək, icazələdirmi?

Cavab 1: Rəhmli, mərhəmətli Allahın adı ilə!
Hər kim təmasa keçmə və ya qaynayıb-qarışma nəticəsində infeksiyaya yoluxmaqdan qorxarsa, belə ki, (qeyd olunan yoluxma ilə) o, ölməsə də, lakin nəzərəçarpacaq zərərə düşəcəksə, (bu halda təmas və ya qaynayıb-qarışmadan) çəkinməlidir. Amma sterilizə etmə, tibbi maska və əlcək geyinmə kimi zəruri ehtiyat tədbirləri gördükdən sonra təmas nəticəsində xəstəliyə yoluxmayacağından əmin olarsa, (təmasdan) çəkinməsi lazım deyil. Əgər qeyd olunanlara riayət etməyib qorxduğu (xəstəliyə) yoluxarsa, şəriət baxımından üzrlü sayılmaz.

Sual 2: Qeyd olunan xəstəliyə yoluxan, yaxud bəzi yoluxma əlamətləri olan şəxsin, onun bu vəziyyətindən xəbərsiz olan insanlarla qaynayıb-qarışması, icazəlidirmi? Əgər bunu edərsə və infeksiya ətrafdakılara keçərsə, həmin şəxs onların qarşısında hansı məsuliyyəti daşıyır?

Cavab 2: İnfeksiyanın başqalarına keçəcəyi ehtimalı olduğu təqdirdə, onun başqaları ilə qaynayıb-qarışması, icazəli deyil. Əgər bunu edib vəziyyətindən xəbərsiz olan şəxsi yoluxdurarsa, bu halda qarşı tərəfə ötürdüyünə (zərərə) zamindir (cavabdehdir). Belə ki, həmin şəxs yoluxma nəticəsində ölərsə, diyəsi (qan bahası) ona (xəstəliyi yoluxdurana) vacib olar.

Sual 3: Virusun yayıldığı ölkədən öz ölkəsinə qayıdan və ya yoluxmuş bəzi insanlarla təmas edən şəxsin ev karantininə riayət etməsi, yaxud xəstəliyə yoluxub-yoluxmadığını dəqiqləşdirməsi üçün tibbi müayinədən keçməsi vacibdirmi?

Cavab 3: Bəli, aidiyyəti orqanların bununla bağlı verdiyi qərarlara riayət etmək lazımdır.

Sual 4: Xəstəliyə yoluxmuş insanlardan infeksiyanın başqalarına keçməsinin qarşısını almaq məqsədilə tibbi əlcəklər, maskalar, sterilizəyə gərəkən maddələr və bu kimi digər zəruri preparatların alınması üçün zəkat və xüms kimi şəriət ödənişlərindən xərcləmək, icazəlidirmi? Belə ki, məlum virusla mübarizədə qeyd olunan ləvazimatlara böyük ehtiyac vardır.

Cavab 4: Gərəkən şəriət qaydalaraına riayət etmək şərtilə, zəkatın “Allah yolunda” olan qismindən və xümsün isə İmam (ə) payından xərcləməyin, maneəsi yoxdur.

Sual 5: Məlum təhlükəli epidemiya ilə qarşılaşan möminlərə tövsiyəniz nədir?

Cavab 5: Dəyərli möminlərə (Allah onları qorusun!) tövsiyəmiz budur:

a) Uca Allaha sığınıb bu bəlanı dəf etməsi üçün Ona yalvarsınlar. Kasıblara sədəqə versinlər, zəyiflərə kömək etsinlər, Quran-kərimi tilavət etsinlər, həzrət Peyğəmbər (s) və pak Əhli-beytindən (ə) nəql olunan duaları çox oxusunlar.

b) Epidemiyadan, heç bir həyəcan və təşvişə düşmədən, onun malik olduğu təhlükə miqdarında ehtiyat edin. Müalicə və profilaktik tədbirləri qeyri-elmi metodlarla deyil, mütəxəssislərin qərar verdikləri göstərişlərə uyğun şəkildə həyata keçirin.

c) Ətrafdakıları məlum virusun təhlükələrini yüngül hesab etməmək və onları aidiyyəti orqanların verdiyi qaydalara riayət edib müxalif olmamaları barədə maarifləndirin.

d) İş yerlərinin bağlanması və insanların hərəkətinin məhdudlaşması nəticəsində zərərlə üzləşmiş ailələrə yardım edin.

e) Din və məzhəb mənsubiyyətindən asılı olmayaraq, bütün zərərçəkənlərə qayğı göstərib ehtiyac duyduqları işlərdə onlara yardım etməyə çalışın.

Allah hamını bütün pislik və bəlalardan qorusun!

Ayətullah Uzma Seyid Əli Hüseyni Sistani cənablarının Nəcəf-Əşrəf şəhərindəki dəftərxanası

27 Rəcəb 1441

23 Mart 2020

Rəhmli, mərhəmətli Allahın adı ilə!

Ali məqamlı mərcə təqlid müctəhid Seyid Əli Hüseyni Sistani cənablarının dəftərxanasına

Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh.

Son günlər “Korona virus” epidemiyasının yayılması nəticəsində xəstəxanalar və tibbi mərkəzlərdə qeyd olunan virusa yoluxmuş, yaxud yoluxduğu ehtimal olunan şəxslərlə təmas quran tibbi personal və könüllülər (öz peşə) vəzifələrini yerinə yetirərkən sağlamlıqlarını, hətta, ola bilər ki, həyatlarını təhlükəyə atırlar. Çünki bu halda infeksiyanın onlara ötürülmə riski daha böyük olur. Ali dini mərcəiyyətin onlara deyiləcək sözü nədən ibarətdir?
Xahiş edirik, bizə məsləhət verəsiniz!

Rəhmli, mərhəmətli Allahın adı ilə!

Xəstələri müalicə etmək və onlara qayğı göstərib işlərində yardımçı olmaq, bu vəzifəni yerinə yetirməkdə mütəxəssis olan bütün tibbi personala və digərlərinə, kifayi olaraq, vacibdir. Amma aidiyyəti orqanlar da, onların xəstəliyə yoluxma riskinin qarşısını almaq üçün, gərəkən bütün ləvazimatları təmin etməlidirlər. Həmin orqanların səhlənkarlıq etmək üçün heç bir (şəriət) üzrləri yoxdur.
Heç şübhəsiz, həmin əziz insanların bütün çətinliklərə baxmayaraq etdikləri, böyük bir iş və dəyəri ölçülməyən səydir. Hətta, onların etdikləri, vətəni və xalqı müdafiə edən qəhrəman mücahidlərin işi qədər əhəmiyyətlidir.
Əlbəttə, Allah təala onların səylərini dünyada qiymətləndirib, axirətdə də, mükafatlandıracaqdır. Bu yolda həyatlarını fəda edənlərə, Qiyamət günündə şəhidin mükafat və məqamının verilməsi ümid edilir.
Biz, belə bir ali insani əməllərin müqabilində onlara təşəkkür edirik. Uca Yaradandan onları bütün bəlalardan qoruyub uzaq etməsini diləyirik. Həqiqətən də, O, (duaları) eşidən və cavablandırandır.

Ayətullah Uzma Seyid Əli Hüseyni Sistani cənablarının Nəcəf-Əşrəf şəhərindəki dəftərxanası

21 Rəcəb 1441

17 Mart 2020

Mübarək Ramazan ayı yaxınlaşır və "Korona" virusu hələ də müxtəlif bölgələrdə yayılmaqda davam edir. Həkimlər məlum təhlükəli virusa yoluxma riskini azaltmaq məqsədi ilə mütəmadi olataq su içməyi məsləhət bilirlər. Çünki bədəndəki su çatışmamazlığı onun (virusun) aradan getmə ehtimalını azaldır. Belə ki, boğaz quru olduğu zaman ora virus düşərsə, onun tənəffüs sisteminə keçməsi üçün münbit şərait yaranır. Qeyd olunan vəziyyətdə su içmək, virusun mədəyə düşüb orada məhv olmasına yardım edir. Sadalanan səbəbə görə bu il, müsəlmanların öhdəsindən Ramazan ayının orucu götürülərmi?

Allahın adı ilə!

Əleykum salam və rəhmətullahi və bərəkatuh!

Ramazan ayının orucunun vacib olması, fərdi öhdəlikdir. Belə ki, (Ramazan ayının orucunun) vacib olma şərtlərini cəmləşdirən hər bir şəxs, - başqalarına vacib olub-olmamasından asılı olmayaraq, - oruc tutmalıdır.
Qarşıdan gələn Ramazan ayı daxil olduqdan sonra bütün ehtiyat tədbirlərini görməsinə rəğmən "Korona" virusuna yoluxmasından qorxan şəxsin öhdəsindən, - oruc tutacağı təqdirdə, xəstəliyə yoluxmasından qorxduğu, - hər bir günün orucunun vacib olması götürülür. Əgər ağıl sahiblərinin nəzərində əhəmiyyətsiz sayılacaq miqdarda yoluxma riskini evdə qalmaq, başqaları ilə yaxından təmasda olmamaq, tibbi əlcək və maskalardan istifadə, yaxud davamlı dezinfeksiya tədbirlərinə riayət etməklə azalda bilərsə və bütün bunlar onun üçün adətən dözülməyəcək böyük sıxıntı yaratmasa, orucun vacib olması onun öhdəsindən götürülməz.
Yuxarıda qeyd olunan - "Həkimlərin "Korona" virusuna yoluxma riskini azaltmaq məqsədilə mütəmadi su içməyi, - çünki bu iş, bədən və boğazda su çatışmamazlığının qarşısının alınması ilə məlum virusa yoluxma riskini aradan qaldırır deyə, məsləhət bilmələri" - halı, orucun vacib olmasının qarşısını almır. Lakin qeyd olunan hal ilə rastlaşıb oruc tutacağı təqdirdə xəstəliyə yoluxmaqdan qorxan şəxs, - belə ki, evdə oturmaq və yuxarıda sadalanan digər ehtiyat tədbirlərini görməklə olsa da, qorxuya səbəb olmayan dərəcədə yoluxma riskini azalda bilməsə, - (orucun) vacib olması öhdəsindən götürülər. Amma ondan başqaları orucu tutmalıdırlar.
Məlumunuz olsun ki, oruc halında bədəndə su çatışmamazlığının qarşısını almaq üçün sübhdən əvvəl xiyar, qarpız və bu kimi tərkibi maye ilə zəngin olan meyvə və tərəvəz məhsulları ilə qidalanmaq mümkündür. Eyni zamanda boğazdakı quruluğun qarşısını almaq üçün tərkibində şəkər olmayan saqqızı çeynəmək, - saqqızın ağızda didilib daxilə getməməsi şərtilə, - olar. Çünki saqqız çeynəmək ağızda tüpürcək ifrazının artmasına səbəb olur və oruc halında onu udmağın maneəsi yoxdur.
Beləliklə məlum olur ki, Ramazan ayında işini tərk edib evində otura bilən şəxs, bununla xəstəliyə yoluxmadan qoruna bilsə, orucun vacib olması onun öhdəsindən götürülməz.
Amma işini, - hər hansı səbəb üzündən olursa olsun, - tərk edə və gündüz vaxtı mütəmadi olaraq su içməməyə görə virusa yoluxmaqdan qorxub, eyni zamanda yoluxmanın qarşısını almaq üçün heç bir tədbir görə bilməyən şəxsə, oruc tutmaq vacib deyildir. Lakin onlara ümumi ictimai yerlərdə nümayişkəranə yeyib-içmələri, icazəli deyildir.
Məlum olduğu kimi, Ramazan ayının orucu şəriətin ən əhəmiyyətli vacib əməllərindəndir. Onu həqiqi üzr olmadan tərk etmək icazəli deyildir. Hər bir insan orucu tərk etmək üçün həqiqi üzrünün olub-olmamasını (hamıdan) daha yaxşı bilir.
Sözün xülasəsi budur; Ramazan ayında gündüz vaxtı orucun vacib olması, xəstəlik və ya - məsələn, tibbi tövsiyəyə əsasən, - oruc tutduğu təqdirdə xəstəliyə yoluxma qorxusu olub yoluxmanı önləyən ehtiyat tədbirləri görə bilməmək kimi şəri üzrü olan şəxsin öhdəsindən götürülür. Əks təqdirdə, həmin şəxs orucunu tutmalıdır və orucu tərk etmək icazəli deyil.

Allahın salamı, mərhəməti və bərəkəti üzərinizə olsun!

17 Şaban 1441
11 Aprel 2020

Ayətullah Uzma Seyid Əli Hüseyni Sistani cənablarının Nəcəf-Əşrəf şəhərindəki dəftərxanası.

Qardaşım, ustadım və Rəbbani alim Hüccətul İslam vəl-müslimin Şeyx Hikmət Mosulinin (r) məzlumcasına şəhid edilməsinin il dönümü ilə əlaqədar olaraq...
Qardaşım, sən Rəbbinə doğru doğru, - sən Ondan, O da səndən razı (halda) olaraq, - qayıtdın. Eyib və nöqsanlardan pak və münəzzəh olan Allah vəd buyurduğu kimi, səni şəhid və doğrucullardan olan saleh qulları ilə cənnətinə daxil etsin. Sənin və hər bir möminin arzu etdiyi bu şəhadət (sənin üçün) mübarək olsun! Sən tarixin bu günündə Əhli beyt (ə) düşmənlərindən olan cinayətkarların törətdikləri partlayış nəticəsində həyatının son anını yaşayarkən belə, məscid mehrabını mətanətlə qoruyub müdafiə etdin. Həmin məscid Əhli beyt (ə) şiələrinin yeganə toplanacaq və sığınacaq yeri olan Mosul məscidi idi. Ora Əhli beytin (ə) elm, mərifət və əxlaqının təbliğ olunduğu məktəb idi və sən həmin əzəmətli layihəni idarə edirdin. Həm biz, həm də şərəfli Mosul əhalisi səni itirdik. Doğulduğun, şəhid olduğun və (Qiyamət günü) diriləcəyin gündə sənə salam olsun.
Allahın lənəti olsun sənin qatillərinə! Heç şübhəsiz ki, onların yeri əbədi cəhənnəmdir. Qoy, onlar (Qiyamət günündə) şəfaət edənlərin şəfaətlərinə nail olmasınlar.
Həqiqətən biz, Allahınıq və həqiqətən Ona tərəf qayıdacayıq. (Bəqərə 156).

5 -dən səhifə 93